Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib

2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək Bakıda keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) ikinci mövsümü başa çatıb.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival çərçivəsində şəhərin 13 məkanında 36 tədbir keçirilib. Tədbirlərdə dünyanın 37 ölkəsindən 500-dən çox sənətçi iştirak edib, festivalın ümumi ziyarətçi sayı 10 mini ötüb.

Proqramda konsertlər, balet və teatr tamaşaları, performanslar, yaradıcı görüşlər, ustad dərsləri və açıq məşqlər yer alıb. Festivalda pianoçu Fərhad Bədəlbəyli, skripkaçılar Maksim Vengerov və Devid Qarrett, rəssam Uilyam Kentridc, rejissorlar Lev Dodin, Romeo Kastelluçi və Leo Qabriadze, eləcə də bir sıra tanınmış xarici kollektivlər və sənətçilər çıxış ediblər.

Festivalın mühüm yeniliklərindən biri müxtəlif Avropa ölkələrindən musiqiçilərin iştirakı ilə BIAF Orkestrinin yaradılması olub. Mövsüm çərçivəsində xarici sənətçilərlə Azərbaycanın incəsənət kollektivləri və təhsil müəssisələri arasında əməkdaşlıq da qurulub.

BIAF-2026 Azərbaycan Dövlət Akademik Filarmoniyası, Milli Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Akademik Musiqili Teatr, Heydər Əliyev Sarayı və Daş Salnamə Muzeyi də daxil olmaqla, paytaxtın 13 məkanında təşkil olunub.

Festivalın məqsədi Bakının beynəlxalq və çoxjanrlı mədəniyyət platforması kimi mövqeyini gücləndirmək, dünya sənətini yerli tamaşaçılara təqdim etmək və beynəlxalq mədəni əməkdaşlığı genişləndirməkdir.