Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarında təlim keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binalarına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binalarına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşaraq döyüş açılışı edə bilmədiyi müəyyən olunub. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binaların ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da aşkar olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binaların yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.