Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iki nəfər (kişi) noyabrın 11-də saat 23:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1994-cü il təvəllüdlü şəxsə bədənin dəqiqləşdirilməmiş çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.
1995-ci il təvəllüdlü digər şəxs komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona başın qapalı travması, döş qəfəsinin travması, qabırğaların sınığı diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs aparılan reanimasiya tədbirlərinə cavab verməyib. 12.11.2026-cı il tarixində saat 00:55-də bioloji ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən News24.az-a verilən xəbərə görə, noyabrın 11-i saat 23:00 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq, təxminən 15 metr məsafədə yol kənarına yuvarlanıb.
Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.
Avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Ruslan Səfərov isə xəstəxanaya yerləşidirilib. Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İlkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi ehtimal edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətə meyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır", məlumatda deyilir.