Bakı, 11 noyabr, AZƏRTACPirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistral yollarına çıxışını təmin edəcək.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.Ümumi uzunluğu təxminən 29 kilometr olan yeni avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub.Hazırda yolun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb.Layihə çərçivəsində körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpülərdə işlər yekunlaşma mərhələsinə çatıb, digər qurğularda isə tikinti işləri aparılır.