Bakı, 11 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi ölkəmizin gələcək inkişafı üçün mühüm imkanlar yaradır. Yeni geosiyasi reallıqlar fonunda regional sülh və əməkdaşlıq perspektivlərinin genişlənməsi də bu prosesə əlavə təkan verir. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib. O bildirib ki, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft qaz sektorunun inkişafı, investisiya fəallığının artırılması və strateji iqtisadi layihələrin həyata keçirilməsi fonunda ümumi daxili məhsulun artım dinamikasının gücləndirilməsi ölkənin dayanıqlı iqtisadi inkişafının əsas prioritetlərindən biri kimi çıxış edir. “Bildirmək istərdim ki, makroiqtisadi dayanıqlığın gücləndirilməsi, ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas mövzuları kimi çıxış edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi son illərdə olduğu kimi büdcənin prioritet istiqamətləri sırasında mühüm yer tutur”, - deyə Ziyafət Əsgərov vurğulayıb. Fotoqraf - Aydın Məmmədov