Ukrayna ordusu gecə saatlarında Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa dəniz limanına dronlarla zərbə endirib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Hücum faktını vilayətin qubernatoru Aleksandr Drozdenko da təsdiqləyib. O qeyd edib ki, Leninqradda ümumilikdə 42 PUA vurulub.
Hadisə nəticəsində Ust-Luqada elektrik yarımstansiyasının fəaliyyəti dayanıb.
Ukrayna mediasının məlumatına görə, limanda güclü yanğın başlayıb və alov onlarla kilometr məsafədən görünür.
Bundan əlavə, Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilib. Sankt-Peterburqa uçan iki təyyarə bu səbəbdən Finlandiyanın paytaxtı Helsinkiyə eniş edib.
Ust-Luqa Baltik dənizinin sahilində yerləşən böyük dəniz limanıdır. O, Rusiyanın əsas ixrac mərkəzlərindən biridir. Liman vasitəsilə neft, neft məhsulları, kömür, gübrələr və digər yüklər daşınır. Liman xüsusilə enerji resurslarının ixracı baxımından Rusiyanın xarici ticarətində mühüm rol oynayır.
Ust-Luqa Rusiya neftinin və neft məhsullarının ixracı üçün strateji əhəmiyyət daşıyır. Rusiya neftinin daşınmasındakı roluna görə bir sıra Qərb ölkələrinin sanksiyalarına da məruz qalıb.