İspaniyada partlayış nəticəsində polis əməkdaşı həlak olub

İspaniyanın şimalındakı Oviedo şəhərində baş verən partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, digəri isə ağır yaralanıb.

Bu barədə İspaniya polisi məlumat yayıb.

Məlumata görə, polis Villafria məhəlləsində yerləşən yaşayış binasında partlayıcı qurğu olan çanta aşkar edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə bir qadının yaralanması ilə nəticələnən atışma barədə məlumat aldıqdan sonra gəliblər.

Polislər partlayıcı qurğu üzərində işləyərkən cihaz qəfil partlayıb. Nəticədə polis kinoloqlar bölməsinin əməkdaşı həlak olub. Partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssis isə ayağını itirib və vəziyyəti ağır qiymətləndirilir.

İspaniya polisi atışmada şübhəli bilinən şəxsin axtarışını davam etdirir. İlkin məlumatlara əsasən, şübhəli şəxsin silahlı ola biləcəyi ehtimal edilir.

Hadisənin başvermə şəraiti araşdırılır.