Heqset impiçment cəhdini “siyasi tamaşa” adlandırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset ona qarşı irəli sürülən impiçment təşəbbüsünü “siyasi tamaşa” və “şəxsi qisas cəhdi” adlandıraraq rədd edib.

Bu barədə “ABC News” məlumat yayıb.

Heqset noyabrın 10-da Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib ki, respublikaçı konqresmen Tomas Massinin impiçment təşəbbüsü nə nəzarət, nə də hesabatlılıq məqsədi daşıyır.

Onun sözlərinə görə, bu addım ABŞ-ın düşmənlərinə Konqresin qanuni hərbi əməliyyatlar həyata keçirən hərbçiləri və mülki rəhbərliyi cəzalandırmağa hazır olduğu mesajını verir.

Nazir İranla müharibə də daxil olmaqla, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatların prezident Donald Trampın göstərişi ilə və qanun çərçivəsində aparıldığını bildirib.

Heqset impiçment təşəbbüsünün arxasında siyasi fikir ayrılıqlarının dayandığını vurğulayıb. O qeyd edib ki, belə fikir ayrılıqlarının həlli yolu impiçment deyil, qanunvericilik və seçkilərdir.

Qeyd edək ki, respublikaçı konqresmen Tomas Massi noyabrın 9-da Heqsetə qarşı impiçment maddələrini Nümayəndələr Palatasına təqdim edib.