Aİ Fransanın İranı ittiham etdiyi kiberhücumlara birgə cavab verməyə hazırdır

Avropa İttifaqı (Aİ) Fransanın İranı məsul tutduğu və yüzlərlə supermarketin soyutma sistemlərinin fəaliyyətini pozan kiberhücumlardan sonra sanksiyalar da daxil olmaqla, mövcud vasitələrdən istifadə etməklə operativ və birgə cavab verməyə hazır olduğunu açıqlayıb.

"France 24"ün məlumatına görə, bu barədə Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Anuar El Anuni qurumun gündəlik mətbuat konfransında Fransada baş vermiş kiberhücumlar və İrana qarşı mümkün sanksiyalarla bağlı sualı cavablandırarkən bildirib.

O, hücumlardan sonra Fransa ilə tam həmrəylik nümayiş etdirdiklərini və Fransanın bu hücumları İrana aid etdiyini qeyd edib.

El Anuni bildirib ki, üzv dövlətlərlə aparılacaq müzakirələrdən asılı olaraq, Aİ operativ və birgə cavab verməyə hazırdır.

Aİ rəsmisi təşkilatın bütün dövlətləri kiberməkanda zərərli fəaliyyətlərdən çəkinməyə çağırdığını vurğulayıb. Onun sözlərinə görə, belə fəaliyyətlərə qarşı sanksiyalar da daxil olmaqla, Aİ-nin bütün kiberdiplomatiya vasitələrindən istifadə davam etdiriləcək.

El Anuni yeni kiber sanksiyalar üzərində də işlədiklərini bildirib. O, İranın nüvə proqramı, insan hüquqlarının pozulması və gəmiçilik azadlığına mane olan fəaliyyətləri ilə əlaqədar da genişmiqyaslı sanksiyalara məruz qaldığını xatırladıb.

Qeyd edək ki, Fransada oktyabr ayında yüzlərlə supermarketin soyutma sistemlərini hədəf alan kiberhücumlar ərzaq məhsullarının xarab olmasına və maddi ziyana səbəb olub.

Noyabrın 2-də Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Finlandiya və Estoniyada da bəzi supermarketlərin soyuducu və dondurucularında oxşar problemlər qeydə alınıb.

Cihazların temperaturunun yüksəlməsi səbəbindən bəzi müəssisələr ərzaq məhsullarını satışdan çıxarmaq və məhv etmək məcburiyyətində qalıb.

Fransa öz ərazisində baş vermiş hücumlara görə İranı məsul tutub. Belçikadakı hadisələrlə bağlı araşdırmanın isə davam etdiyi, həmin hücumların İran və ya başqa bir aktorla əlaqələndirilməsi, eləcə də Fransadakı hücumlarla bağlılığının müəyyənləşdirilməsi üçün sübutların olmadığı açıqlanıb.