Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqların başlama vaxtı məlum olub. Tərəflər bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gələcəklər.
TASS-a istinadən, məlumatlı mənbənin bildirdiyinə görə, danışıqlar Bakı vaxtı ilə saat 11:50-də başlayacaq.
Rusiya nümayəndə heyətinin üzvləri noyabrın 9-da BƏƏ-yə gəliblər. Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Noyabrın 10-11-də keçirilməsi planlaşdırılan danışıqlarda Rusiya tərəfini Medinski ilə yanaşı, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin təmsil edəcəklər.
Nümayəndə heyətinin tərkibinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının iki idarəsinin nümayəndələri - Yuri Jiqarlovski və İqor Kostyukov da daxildir.