Almanlar Moskvaya girirdi – Stalindən SSRİ-nin taleyini dəyişən sonuncu ad…

1941-ci il noyabrın 7-də, İkinci Dünya müharibəsinin ən ağır dövrlərindən birində Moskvada Qızıl meydanda tarixi hərbi parad keçirilib.

Alman qoşunlarının sovet paytaxtına yaxınlaşdığı bir vaxtda təşkil olunan paraddan sonra minlərlə əsgər cəbhəyə yollanıb.

Böyük Oktyabr Sosialist İnqilabının 24-cü ildönümünə həsr olunan paradın keçirilməsi barədə qərar son dərəcə məxfi saxlanılıb. Hətta iştirakçı hərbçilərin əksəriyyəti son ana qədər Qızıl meydandan keçəcəklərini bilməyiblər.

Həmin dövrdə nasist Almaniyası 1941-ci il iyunun 22-də SSRİ-yə hücumundan sonra böyük əraziləri işğal etmişdi. Sentyabrın 30-da Moskvanı ələ keçirmək məqsədilə “Tayfun” adlı genişmiqyaslı hərbi əməliyyat başlamışdı. Alman ordusu Vyazma və Bryansk istiqamətlərində sovet qüvvələrini mühasirəyə almış, paytaxtın müdafiəsi ciddi təhlükə altına düşmüşdü.

Almaniyanın əsas məqsədi qış başlamazdan əvvəl Moskvanı ələ keçirmək, sovet dövlətinin siyasi və hərbi idarəetmə mərkəzini sıradan çıxarmaq idi. Moskva istiqamətində milyonlarla hərbçinin iştirak etdiyi döyüşlər gedirdi. Alman qoşunları şəhərə bəzi istiqamətlərdə bir neçə on kilometrədək yaxınlaşmışdı.

Oktyabrın 15-də sovet rəhbərliyi dövlət qurumlarının bir hissəsinin Moskvadan Kuybışevə köçürülməsi barədə qərar qəbul etmişdi. Paytaxtda təşviş yaranmış, müəssisələr təxliyə edilmiş, oktyabrın 20-dən mühasirə vəziyyəti tətbiq olunmuşdu.

Moskvanın küçələrində tank əleyhinə maneələr qurulur, müdafiə xəndəkləri qazılır, mühüm binalar mümkün dağıntılara qarşı hazırlanırdı. Minlərlə mülki şəxs, o cümlədən qadınlar müdafiə istehkamlarının tikintisinə cəlb edilmişdi.

Buna baxmayaraq, Stalin Moskvada qalmışdı. Onun paytaxtı tərk etməməsi sovet rəhbərliyinin müqaviməti davam etdirmək qərarının nümayişi kimi qiymətləndirilirdi.

Noyabrın 6-da Moskvanın “Mayakovskaya” metro stansiyasında inqilabın ildönümü münasibətilə təntənəli iclas keçirilib. Təhlükəsizlik səbəbindən tədbir yerin altında təşkil olunmuşdu. Stalin həmin iclasda çıxış edərək müharibədə qələbəyə inamını ifadə edib.

Elə həmin gecə hərbi hissələrin komandirlərinə səhər Qızıl meydanda parad keçiriləcəyi bildirilib. Tədbirin başlanması əvvəlcə saat 10:00-a nəzərdə tutulsa da, son anda 08:00-a keçirilib.

Noyabrın 7-də səhər saat 08:00-da başlayan paradın hərbi keçid hissəsi təxminən 25 dəqiqə davam edib. Tarixi məlumatlara əsasən, tədbirdə 28 467 hərbçi, 160 tank, 140 artilleriya qurğusu, 296 pulemyot və 18 minaatan iştirak edib.

Paradda 19 044 piyada, 546 süvari, 2165 artilleriyaçı, 450 tankçı və 5520 xalq könüllüsü də daxil olmaqla müxtəlif hərbi bölmələrin şəxsi heyəti təmsil olunub.

Qızıl meydandan 70 BT-7, 48 T-60, 40 T-34 və 2 ağır KV tankı keçib. Həmçinin 232 avtomobil və müxtəlif hərbi texnika nümayiş etdirilib.

Parada general-leytenant Pavel Artemyev komandanlıq edib, marşal Semyon Budyonnı isə hərbi keçidi qəbul edib. Əvvəlcə paradı Georgi Jukovun qəbul etməsi nəzərdə tutulsa da, cəbhədəki ağır vəziyyət onun komanda məntəqəsini tərk etməsinə imkan verməyib.

Hərbi keçidi Moskva artilleriya məktəbinin kursantları açıb. Ardınca piyada, süvari, dənizçi, artilleriya və tank bölmələri Qızıl meydandan keçib.

Ən maraqlı məqamlardan biri paradda iştirak edən hərbi texnikanın döyüş şəraitinə hazır vəziyyətdə saxlanılması idi. Bəzi hərbi hissələr Qızıl meydandan birbaşa müdafiə mövqelərinə yollanıb. Əsgərlərin bir qismi isə sonrakı günlərdə cəbhəyə göndərilib.

Paradda 300 hərbi təyyarənin iştirakı da planlaşdırılmışdı. Lakin güclü qar, çovğun və zəif görünüş səbəbindən hava keçidi ləğv edilib.

Hava şəraiti alman aviasiyasının Moskvaya hücum imkanlarını da məhdudlaşdırıb. Bununla belə, sovet komandanlığı mümkün bombardmana qarşı xüsusi təhlükəsizlik tədbirləri görmüşdü.

Noyabrın 5-dən sovet aviasiyası alman aerodromlarına qabaqlayıcı zərbələr endirmişdi. Noyabrın 6-da Moskva istiqamətinə göndərilən alman təyyarələrinə qarşı hava müdafiəsi qüvvələri döyüşüb. Sovet məlumatlarına görə, həmin gün 34 düşmən təyyarəsi vurulub.

Parad zamanı mümkün bombardmanın nəticələrini aradan qaldırmaq üçün 35 xüsusi xidmət məntəqəsi, tibbi yardım avtomobilləri, yanğınsöndürənlər və bərpa briqadaları hazır vəziyyətdə saxlanılmışdı.

Kreml qüllələrinin ulduzları və Lenin mavzoleyi həmin gün üçün kamuflyaj örtüklərindən azad edilmişdi.

Paradda iştirak edən hərbi orkestrin musiqiçiləri də çətin şəraitlə üzləşmişdilər. Şiddətli soyuqda nəfəs alətlərinin donmaması üçün xüsusi tədbirlər görülmüşdü. Musiqiçilərə kiçik alətləri şinellərinin altında saxlamaq tövsiyə olunmuşdu.

Stalin Lenin mavzoleyinin tribunasında çıxış edərək əsgərləri mübarizəyə çağırıb. O, Aleksandr Nevski, Dmitri Donskoy, Kuzma Minin, Dmitri Pojarski, Aleksandr Suvorov və Mixail Kutuzov kimi tarixi şəxsiyyətlərin adlarını çəkərək onların qəhrəmanlığından nümunə götürməyə səsləyib.

Stalinin çıxışı radio vasitəsilə bütün ölkəyə yayımlanıb. Bu, həm cəbhədəki hərbçilərə, həm də arxa cəbhədə çalışan milyonlarla insana ünvanlanmış siyasi və mənəvi çağırış idi.

Paradın görüntüləri xarici mətbuatda da böyük maraq doğurub. Britaniyanın “Daily Mail” qəzeti paradı müharibə dövründə nümayiş etdirilmiş cəsarət və özünəinamın ən parlaq nümunələrindən biri kimi qiymətləndirib.

Tarixi hadisə ilə bağlı az bilinən faktlardan biri də Stalinin məşhur çıxışının kinoxronika görüntüləri ilə əlaqədardır.

1941-ci il noyabrın 7-də Stalinin çıxışı kameralar tərəfindən lazımi şəkildə qeydə alınmadığından noyabrın 27-də Kremldə xüsusi dekorasiyalar qurulub. Lenin mavzoleyinin tribunası təqlid edilib və Stalin çıxışını kameralar qarşısında yenidən səsləndirib.

Çəkiliş zamanı soyuq hava görüntüsü yaratmaq üçün pəncərələr açılıb. Lakin Stalinin nəfəsindən buxar görünməyib. Sonradan həmin kadrlar paradın həqiqi görüntüləri ilə birləşdirilib.

Bu materiallar 1942-ci ildə çəkilmiş “Alman qoşunlarının Moskva yaxınlığında darmadağın edilməsi” sənədli filmində istifadə olunub. Film 1943-cü ildə ən yaxşı sənədli film nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.

1941-ci il noyabrın 7-də hərbi parad yalnız Moskvada keçirilməyib. Kuybışev və Voronej şəhərlərində də hərbi keçidlər təşkil olunub.

Kuybışev həmin dövrdə SSRİ-nin ehtiyat paytaxtı funksiyasını yerinə yetirirdi. Bir sıra dövlət qurumları və xarici diplomatik nümayəndəliklər bu şəhərə köçürülmüşdü. Oradakı paradı marşal Kliment Voroşilov qəbul etmişdi.

Moskva uğrunda döyüşlər isə bütün şiddəti ilə davam edirdi. Alman ordusu noyabrın ortalarında yenidən hücuma keçərək Klin, Solneçnoqorsk və digər istiqamətlərdə irəliləmişdi.

Sovet qoşunları ağır itkilər versələr də, müdafiəni saxlaya bilmişdilər. Uzaq Şərqdən gətirilən hərbi hissələr və yeni ehtiyat qüvvələr Moskvanın müdafiəsini gücləndirmişdi.

Dekabrın 5–6-da sovet ordusu genişmiqyaslı əks-hücuma keçib. Georgi Jukovun rəhbərlik etdiyi Qərb cəbhəsi də daxil olmaqla sovet qoşunları alman qüvvələrini Moskva ətrafından geri çəkilməyə məcbur ediblər.

1942-ci ilin yanvarınadək alman qoşunları bir sıra istiqamətlərdə 100–250 kilometr geri oturdulub. Moskvanın ələ keçirilməsi planı tamamilə iflasa uğrayıb.

Moskva döyüşü 1941-ci il sentyabrın 30-dan 1942-ci il aprelin 20-dək davam edib. Bu, İkinci Dünya müharibəsinin ən böyük və qanlı hərbi əməliyyatlarından biri olub.

Moskva uğrunda döyüşlərdə hər iki tərəf yüz minlərlə hərbçisini itirib. Sovet rəsmi hərbi statistikasına əsasən, Moskva strateji müdafiə və hücum əməliyyatlarında sovet qoşunlarının ümumi itkiləri 1,8 milyon nəfərdən çox olub. Bu rəqəmə həlak olanlar, itkin düşənlər, əsir alınanlar və yaralananlar daxildir.