Arvadına xəyanət etdi, sevgilisi casus çıxdı

ABŞ-ın texnologiya nəhəngi “Nvidia”nın təsisçisi və baş direktoru Censen Huanq beynəlxalq casusluq qalmaqalı ilə gündəmə gəlib.

Publika.az bildirir ki, ABŞ kəşfiyyatının məlumatlarına əsaslanan media xəbərlərinə görə, Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Alis Huanq Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əməkdaşlıq edib və Amerika texnologiya sektorundan məlumat toplamaq üçün istifadə olunub. Alis Huanqın əsas məqsədlərindən biri Censen Huanqa yaxınlaşmaq, onun qərarlarına təsir göstərmək və ABŞ-nin qabaqcıl süni intellekt çiplərinin Çinə satışına qoyulan məhdudiyyətlərin yumşaldılmasına nail olmaq olub.

İddiaların diqqətçəkən tərəflərindən biri Censen Huanqın Alis Huanqla romantik münasibətdə olmasıdır. Huanq əməkdaşlarına göndərdiyi elektron məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib, ailəsinə və həmkarlarına üzrxahlığını bildirib. O, hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb.

Qalmaqal ABŞ Konqresinin də diqqətini çəkib. Nümayəndələr Palatasının üç komitəsinin respublikaçı rəhbərləri Huanqdan Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətləri və şirkətin məxfi texnologiyalarının qorunması barədə qapalı brifinq tələb ediblər.

Noyabrın 8-də “Nvidia”nın Direktorlar Şurası məsələ ilə bağlı müstəqil araşdırmaya başlanıldığını açıqlayıb. Araşdırmaya müstəqil direktorlar və kənar hüquqşünaslar rəhbərlik edəcək. Şura milli təhlükəsizliyə və şirkətin məxfi məlumatlarına zərər dəydiyinə dair hazırda əsas olmadığını, lakin bütün iddiaların araşdırılacağını bildirib.

Bununla belə, Censen Huanq hələlik baş direktor vəzifəsində qalacaq.