"Şamaxı" Misli premyer-liqasının 11-ci turunda "Sabah"la heç-heçə etdi - 2:2.
"şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Zəfər Gününüz mübarək olsun. Başda cənab prezident olmaqla bu gündə payı olan hər kəsə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq arzulayıram. "Sabah"a qarşı oynayırdıq, rəqibin necə komanda olduğunu bilirdik. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən elit komandalarından birinə qarşı oynayırdıq. Uşaqlara tapşırmışdıq ki, döyüşsünlər. Meydanda əsl mübarizə gördük. Bir xal qazandıq. Daha çoxu da ola bilərdi. "Sabah"a uğurlar arzulayıram.
- Siz iki xal itirdiz.. Razısız?
- Bir xal qazandıq. "Sabah"a qarşı səfərdə oynayırdıq. İtirilən xal barəsində düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydançada düşünmək idi. Uduzsaydıq da, bugünkü oyundan razı qalacaqdım.
- Yeni komandanız üçün birinci dövrəni necə şərh edərdiz?
- Bir oyun və bir hissəni çıxmaqla, 10 oyunda yaxşı oynadıq. Ən sevdiyim və xoşuma gələn bir şey var ki, öz meydanımızda müdafiə olunmuruq, təzyiq göstəririk, dominant oynamaq istəyirik. Müasir futbolu uşaqlara aşılayırıq. Çempionatda ən gənc komandayıq, daha çox yerlilərlə oynayırıq.
- Hansı oyun və hansı hissədən söhbət gedir?
- "İmişli" ilə matç və "Şəfa" ilə oyunun birinci hissəsi...
- Sonlarda futbolçulara deyirdiz ki, rəqibi irəlidə sıxışdırın. Bu futbolçularınızın fiziki gücünə inamdan irəli gəlirdi?
- Futbol elə oyundu ki, sən qorxmamalısan. Motivasiyan futbolçularda daha çox hiss edilməlidi. "Sabah"ın futbolçularının keyfiyyətini bilirdik.
- Sizi narahat edən məqam var? Rotasiya üçün imkanlarınız geniş deyil...
- Əslində, sözünüzdə həqiqət var. Çalışıram ki, uşaqlara həmişə eyni səviyyədə şans verim və bacardıqca oyun təcrübəsi hamıda daha çox olsun. Statistikaya baxsaq, biz hücum xəttində daha çox rotasiya edirik, nəinki müdafiədə. Bu, o demək deyil ki, müdafiə xəttindən çox razıyıq, çünki qollar buraxırıq. Rotasiyanı irəlidə daha çox edə bilirik, nəinki müdafiədə. Emin Rüstəmov bütün matçlarda 90 dəqiqə oynayıb, əvəzlənməyib.
- Qışda transfer etmək üçün maliyyə imkanınız var?
- Bu barədə düşünürük. Onu zaman göstərəcək. Klub rəhbərliyi ilə bu barədə danışığımız olub. Çalışacağıq ki, qışda bir oyunçu ilə güclənək.