Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti

Dünyanın ən məşhur futbolçuları yalnız meydandakı uğurları və milyonluq müqavilələri ilə deyil, sahib olduqları dəbdəbəli evlərlə də diqqət çəkirlər. Bəzi futbol ulduzlarının malikanələrinin qiyməti on milyonlarla dollarla ölçülür.

Lent.az xarici KİV-ə istinadən ən bahalı evlərə sahib olan məşhur futbolçular barədə məlumatları təqdim edir.

Kriştiano Ronaldo – Portuqaliyalı ulduzun Kaşkayş şəhərində inşa etdirdiyi malikanənin dəyəri təxminən 35 milyon avro qiymətləndirilir. Burada səkkiz yataq otağı, hovuzlar, şəxsi kinoteatr və bahalı avtomobillər üçün qaraj yerləşir.

Lionel Messi – Argentinalı futbolçu 2023-cü ildə ABŞ-nin Florida ştatında 10,8 milyon dollara malikanə alıb. Səkkiz yataq otağı olan evdə hovuz və üç avtomobillik qaraj mövcuddur.

Neymar – Braziliyalı ulduz 2024-cü ildə Dubayda 54,45 milyon dollara lüks penthaus alıb. “Bugatti Residences” kompleksində yerləşən mənzilin şəxsi avtomobil lifti və hovuzu var.

Devid Bekhem – İngiltərə futbolunun əfsanəsi həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə 2024-cü ildə Mayamidə 72,3 milyon dollarlıq malikanə alıb. Dəbdəbəli evdə idman zalı, spa, kinoteatr və hovuz yerləşir.

Kil ian Mbappe – Fransalı hücumçunun Madriddəki lüks yaşayış mülkünün dəyəri xarici mediada təxminən 12 milyon dollar qiymətləndirilir.

Futbol ulduzlarının daşınmaz əmlaka yatırdıqları milyonlar onların qazandıqları sərvətin miqyasını göstərir. Bu evlərin bəziləri yalnız yaşayış üçün deyil, həm də uzunmüddətli investisiya məqsədilə alınır.