Vətən müharibəsinin XTQ qazisi - 16 oktyabrda yaralandı, 16 dəfə əməliyyat olundu

Hər qarış torpaq uğrunda canından keçməyə hazır olan, qəhrəmanlığı ilə Zəfər tariximizi yazan igidlərimiz heç vaxt unudulmur. Onların şərəfli döyüş yolu gələcək nəsillər üçün Vətən sevgisinin və fədakarlığın əsl nümunəsidir. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında illərlə xidmət edən, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq döyüşən qəhrəmanlarımızdan biri də Ceyhun Əhmədovdur.

Modern.az-la həmsöhbət olan Ceyhun Əhmədov döyüş yolu ilə bağlı xatirələrini bizimlə bölüşüb:

"Uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm. Hərbi xidmətimin 25 ilini Xüsusi Təyinatlı Qüvvələrdə keçirmişəm. 44 günlük Vətən müharibəsində də bir hərbçi kimi üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışam. Bizim üçün Vətənin müdafiəsi sadəcə peşə deyil, həm də müqəddəs borc idi".

Ceyhun Əhmədov hisslərini ifadə edərkən düşüncələri və emosiyaları qarışırdı. O qeyd edib ki, silah yoldaşları ilə yaşadığı çətin vaxtlar heç vaxt ağlından silinmir.

"Müharibədə elə anlar olur ki, insanın yaddaşından heç vaxt silinmir. Silahdaşların çiyin-çiyinə mübarizə aparması, bir-birinə dayaq olması, Vətən uğrunda göstərilən fədakarlıq unudulmazdır. Müharibənin ağrısını yaşayan insan bir-brinin qədrini daha yaxşı bilir.

Qələbə xəbərini eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Bu, həm böyük sevinc, həm qürur, həm də kövrəklik idi. Çünki bu Zəfər asan qazanılmamışdı. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin fədakarlığı hesabına əldə edilmişdi. Mənim üçün ən böyük sevinc Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi".

Ceyhun Əhmədov Kəlbəcər, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində döyüşüb.

"Hər istiqamətin öz çətinliyi, öz ağırlığı var idi. Dağlıq ərazi, mürəkkəb döyüş şəraiti, düşmənin müqaviməti... Bütün bunlara baxmayaraq, irəli getməkdən başqa yolumuz yox idi.

Müharibədən danışanda insanın gözləri önündə çox hadisələr canlanır. Ən çox yadda qalan isə silahdaşların birliyi və bir-birinə olan inamıdır. Döyüşdə insan anlayır ki, yanında dayanan yoldaşın sənin üçün nə qədər dəyərlidir. Ən ağır olan isə döyüş yoldaşlarını itirməkdir. Hər bir şəhid bizim üçün bir qardaş, bir ailə üzvü idi. Onların xatirəsi heç vaxt yaddaşımızdan silinməyəcək".

Ceyhun Əhmədovun sözlərinə görə, onun üçün ən ağır gün 16 oktyabr 2020-ci il tarixi olub:

"Həmin gün döyüşdə ağır yaralandım. Mina partlayışı nəticəsində hər iki ayağımdan xəsarət aldım. Bundan sonra uzun və çətin müalicə dövrüm başladı, 16 böyük cərrahiyyə əməliyyatına məruz qaldım.

Amma bütün bu ağrılara baxmayaraq, heç vaxt Vətən uğrunda döyüşdüyümə görə peşman olmamışam. Çünki mən öz vətəndaşlıq və hərbi borcumu yerinə yetirmişəm. Bu gün mənim üçün ən böyük qürur odur ki, torpaqlarımızın azadlığı uğrunda mübarizənin iştirakçısı olmuşam".