Türkiyə Prezidenti:

“Bu gün bura gələrkən 7 ayrı tuneldən keçdik. Bu 7 tunel bölgədə infrastruktur quruculuğunun nə dərəcədə uğurla həyata keçirildiyini nümayiş etdirir. Şuşaya gələrkən haradan haraya gəldiyimizi görməyin xoşbəxtliyini yaşayırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“İnanıram ki, növbəti səfərimizdə Şuşa daha fərqli olacaq. Füzuli də tamamilə başqa görkəm alacaq. Çünki bu işə inanmış, özünü bu yola həsr etmiş bir lider və komanda var. Həmin lider və komanda eyni inam və qətiyyətlə yollarına davam edirlər.

Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qəhrəman qazilərimizə minnətdarlığımı bildirirəm. Azərbaycanlı qardaşlarımın bu şanlı Zəfərini bir daha ürəkdən təbrik edirəm.

Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmağa, kədərinizi öz kədərimiz, sevincinizi öz sevincimiz bilməyə davam edəcəyik.

Sözlərimin sonunda mərhum Bəxtiyar Vahabzadənin məşhur misralarını səsləndirmədən keçə bilməyəcəyəm:

Birdir bizim hər halımız,

Sevincimiz, məlalımız.

Bayraqlarda hilalımız –

Azərbaycan-Türkiyə.

Uca Allah ay-ulduzlu al bayrağımızla şanlı Azərbaycan bayrağının səmalarda əbədi olaraq yan-yana dalğalanmasını nəsib etsin!

9 Noyabr - Dövlət Bayrağı Gününüzü də ən səmimi duyğularımla təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və məhəbbətlərimi göndərirəm.

İlham qardaşıma səmimi ev sahibliyinə görə bir daha təşəkkür edirəm”, - dövlət başçısı vurğulayıb.