“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu - RƏY

“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Vüqar İskəndərov deyib ki, Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini məhz Xankəndidə, Azərbaycanın şanlı Qələbəsinin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə səsləndirməsi xüsusi rəmzi məna daşıyır: “Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, tarixi ədalətin təmin edilməsinin, eləcə də xalqımızın iradəsinin təcəssümüdür”.

“Qarabağ Azərbaycandır və nida” bəyanatının tarixi məntiqi

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanın dəyişməz mövqeyini ifadə edirdi: “2023-cü il sentyabrın 20-də isə həmin nidanın məhz Xankəndidə qoyulması bu siyasi iradənin real nəticəyə çevrildiyini göstərdi. Xankəndidə vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi, Azərbaycana qarşı təcavüzün və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş keçmiş icra hakimiyyəti binasında Zəfər Muzeyinin yaradılması da dərin tarixi məna daşıyır. Prezidentin həmin binanı “şeytan yuvası” adlandırması və orada Zəfər Muzeyinin fəaliyyət göstərəcəyini bildirməsi keçmişlə bu gün arasındakı kəskin fərqi nümayiş etdirir. Bir zamanlar separatizmin simvolu olan binanın indi Azərbaycanın tarixi Qələbəsini yaşadacaq muzeyə çevrilməsi rəmzi baxımdan mühüm hadisədir. Vaxtilə həmin binada oturan hərbi cinayətkarların bu gün Azərbaycan məhkəmələrinin hökmü ilə cəzalarını çəkməsi isə hüquqi ədalətin təzahürüdür”.

Qələbənin arxasında güclü dövlət, ordu və xalq birliyi dayanır

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir: “Müharibə ərzində 300-dən çox şəhər və kəndin döyüş meydanında azad edilməsi, noyabrın 8-də Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyini həll etdi. Ermənistanın kapitulyasiyasından sonra digər ərazilərimizin bir güllə atılmadan, şəhid verilmədən geri qaytarılması isə Azərbaycanın hərbi-siyasi üstünlüyünün nəticəsi idi. Azərbaycan Ordusunun döyüşlər zamanı bir nəfər belə fərari verməməsi, Ermənistan tərəfinin isə öz ordusunda 12 minə yaxın fərarinin olduğunu etiraf etməsi iki xalqın və ordunun mənəvi-psixoloji vəziyyəti arasındakı fərqi göstərirdi. Bu Qələbə təsadüfi deyildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasəti, ölkənin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi, fəal diplomatiya, güclü ordu quruculuğu və müasir hərbi texnika ilə təminat qələbənin əsasını təşkil edirdi. Bütün bunlarla yanaşı, xalqın milli ruhu, əsgər və zabitlərimizin vətənpərvərliyi, milli birlik və həmrəylik həlledici amillər oldu”.

Deputat 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatının da tarixi əhəmiyyətini xüsusi vurğulayıb: “Bu əməliyyat nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi və separatizmin mövcudluğuna son qoyuldu”.

Zəfərdən quruculuğa və Böyük Qayıdışa

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycanın qarşısında duran növbəti mühüm vəzifə işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır: “Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi şəhər və kəndlərin yenidən qurulması, dağıdılmış tarixi abidələrin və məscidlərin bərpası dövlətimizin quruculuq iradəsinin göstəricisidir. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 97 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması görülən işlərin miqyasını nümayiş etdirir. Bu proses davam edir və hər yeni qayıdış ailəsi Azərbaycanın Zəfərinin real nəticələrini daha da möhkəmləndirir”.