2026-cı il sentyabrın sonuna Azərbaycanda sənaye və istehsal sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə kredit qoyuluşunun həcmi 1 milyard 649 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, hesablamasına görə, avqustun sonu ilə müqayisədə sənaye və istehsal sektoruna kredit qoyuluşu 11,6 milyon manat və ya 0,7 faiz azalıb. Belə ki, 2026-cı il avqustun sonunda bu göstərici 1 milyard 660,6 milyon manat olub.
Sentyabrın sonuna sektor üzrə kredit portfelinin 1 milyard 518,7 milyon manatı özəl müəssisələrin, 130,3 milyon manatı isə dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Avqustun sonunda özəl müəssisələr üzrə kredit qoyuluşu 1 milyard 514,3 milyon manat, dövlət müəssisələri üzrə isə 146,3 milyon manat təşkil edib. Beləliklə, ay ərzində özəl müəssisələrə verilmiş kreditlərin həcmi 4,4 milyon manat artdığı halda, dövlət mülkiyyətində olan müəssisələr üzrə 16 milyon manat azalma qeydə alınıb.
Kreditlərin müddət strukturuna nəzər saldıqda, sentyabrın sonuna qısamüddətli kreditlərin həcminin 427 milyon manata yüksəldiyi görünür. Avqustun sonunda bu göstərici 402,9 milyon manat olub. Beləliklə, qısamüddətli kreditlər üzrə aylıq artım 24,1 milyon manat və ya təxminən 6 faiz təşkil edib.
Qısamüddətli kreditlərin 278,1 milyon manatı milli valyutada, 149 milyon manatı isə xarici valyutada verilib. Avqustun sonunda manatla verilmiş qısamüddətli kreditlər 282,8 milyon manat, xarici valyutada olan kreditlər isə 120,3 milyon manat təşkil edib. Bu, ay ərzində xarici valyutada qısamüddətli kreditlərin 28,7 milyon manat artdığını, manatla verilən kreditlərin isə 4,7 milyon manat azaldığını göstərir.
Uzunmüddətli kreditlərin həcmi isə sentyabrın sonuna 1 milyard 222 milyon manat olub. Avqustun sonunda bu rəqəm 1 milyard 257,7 milyon manat təşkil edib. Beləliklə, uzunmüddətli kreditlər 35,7 milyon manat və ya 2,8 faiz azalıb.
Uzunmüddətli kreditlərin 888,2 milyon manatı manatla, 333,7 milyon manatı isə xarici valyuta ilə təqdim edilib. Avqustun sonunda bu göstəricilər müvafiq olaraq 916,5 milyon manat və 341,2 milyon manat olub. Nəticədə manatla uzunmüddətli kreditlər 28,3 milyon manat, xarici valyutada olan kreditlər isə 7,5 milyon manat azalıb.
Qeyd edək ki, statistik məlumatlara əsasən, sənaye və istehsal sektoruna kredit qoyuluşunun böyük hissəsi uzunmüddətli kreditlərdən formalaşıb. Sentyabrın sonuna uzunmüddətli kreditlər ümumi portfelin təxminən 74,1 faizini, qısamüddətli kreditlər isə 25,9 faizini təşkil edib.
Bununla yanaşı, kredit portfelində özəl müəssisələrin üstünlüyü davam edib. Sentyabrın sonuna özəl sektorun payı ümumi kredit qoyuluşunun təxminən 92 faizinə bərabər olub.