ABŞ-də avtombil 30 velosipedçidən ibarət qrupa çırpılıb

ABŞ-nin Şimali Karolina ştatında avtomobil 30 velosipedçidən ibarət qrupa çırpılıb.

Hadisə barədə CNN telekanalı məlumat yayıb.

Qəza Roli şəhəri yaxınlığındakı "Optimist Farm" yolunda baş verib. İlkin məlumata görə, "Infiniti" markalı avtomobili idarə edən 76 yaşlı Donald Robert Morris-Cons sərxoş vəziyyətdə olub.

O, yolun mərkəz xəttini keçərək velosipedçilərin hərəkət etdiyi qarşı zolağa çıxıb. Qrupla toqquşduqdan sonra sürücü avtomobili saxlamayıb. Təxminən 800 metr irəlilədikdən sonra avtomobil yoldan çıxaraq xəndəyə düşüb.

Qəza nəticəsində 63 yaşlı velosipedçi aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, daha 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sürücü saxlanılıb.