Polşanın Krakov şəhərinin mərkəzində silahlı hücum törədən 24 yaşlı Mihal Oksinskinin evində üç nəfərin - iki qadın və bir kişinin meyiti aşkar edilib.
“Polsat News” xəbər verir ki, onların həmin şəxsin ailə üzvləri olduğu ehtimal edilir.
Qonşular ailəni adi və sakit ailə kimi təsvir etsələr də, dünənki hadisəni törədən gəncin son vaxtlar özünü qəribə və şübhəli apardığını qeyd ediblər.
Hadisə yerində istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, noyabrın 7-də Krakovda silahlı insident baş verib. Avtomobili ilə meydana daxil olan şəxs nəqliyyat vasitəsindən ətrafdakı insanlara atəş açıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Saxlanılma zamanı baş verən atışma nəticəsində Mihal O. yaralanıb və xəstəxanaya yerləşdirilib. Əvvəlcə şübhəlinin keçmiş hərbçi olduğu bildirilsə də, sonradan bu məlumat təkzib edilib.
***
Mihal Oksinskinin mənzilində aşkar edilən öldürülmüş şəxslərin kimliyi müəyyən edilib.
Həmin şəxslərin onun atası, anası və bacısı olduğu məlum olub.
“Ostrovets-Svyentokşiski şəhərinin mərkəzindəki yaşayış binasında yerləşən mənzildə polis üç nəfərin - 53 yaşlı kişinin, həmçinin 52 və 21 yaşlı iki qadının meyitlərini aşkar edib. Onlar Krakovda saxlanılan şəxsin valideynləri və bacısıdır”, - polisin bəyanatında deyilir.