Berlin, 8 noyabr, AZƏRTACAzərbaycan-Alman Tibb Günlərinin hər bir azərbaycanlı üçün əlamətdar olan 8 Noyabr - Zəfər Günündə keçirilməsi bizdə qürur hissi yaradır. Bu cür konfranslar Almaniyada yaşayan azərbaycanlı həkimlərin uğurlarının ölkəmizdə tanıdılması, eləcə də təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın İdar-Oberştayn klinikasında baş həkimi, professor Natiq Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Berlində keçirilən Azərbaycan-Alman Tibb Günləri ilə bağlı media nümayəndələrinə açıqlamasında deyib.“Mən bu cür tədbirlərə çox müsbət yanaşıram. Həmkarlarla görüşmək, fikir mübadiləsi aparmaq, tibbin müxtəlif sahələrindəki mövzuları və yenilikləri müzakirə etmək həm gənc, həm də təcrübəli həkimlərin inkişafına töhfə verir. Bu, həm Almaniyada yaşayan həkimlər, həm də Azərbaycandan gələn qonaqlarımız üçün faydalıdır, - deyə o qeyd edib.Professor həm Azərbaycanda, həm də Almaniyada işləyən azərbaycanlı həkimlərin bir araya gələrək səmərəli müzakirələr aparması baxımından konfransın əhəmiyyətini xüsusi qeyd edərək bildirib: “Ən vacib məqamlarından biri bu qədər azərbaycanlı həkimin burada bir araya gəlməsidir. Sosial əlaqələrin qurulması, həmvətənlərimizin bir-biri ilə ünsiyyət yaratması özlüyündə çox vacibdir. Bununla yanaşı, tibdəki yeniliklərin, xüsusilə də süni intellektin səhiyyədəki potensialından istifadənin və artıq tətbiqinin müzakirəsi, müxtəlif sahələrdəki yeniliklərlə tanışlıq, həmvətənlərimizin bu prosesdə fəal iştirakı bizim üçün çox sevindiricidir. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin