Bakı, 8 noyabr, AZƏRTACAzərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın çoxəsrlik tarixində ən mühüm hadisələrdən biridir. Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın birliyi həlledici rol oynayıb.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Şəhid Ailələri, Qaziləri və Veteranlarına Dəstək” İctimai Birliyinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Elxan İsmayılov söyləyib. “Döyüş xatirələri insanların qəlbində yaşayır. İstər acılı, istərsə də şirin olsun, hər bir xatirənin öz yeri var. Bizim üçün ən böyük acı silahdaşlarımızı, qardaşlarımızı itirməyimizdir. Amma həm də sevinirik. Çünki uşaqlıq illərində bizə Azərbaycanın 20 faiz torpağının işğal altında olduğu deyilirdi. Qarabağı yalnız televiziyada görürdük. Bu gün isə həmin torpaqları televiziyada deyil, öz vətənimizin bir parçası kimi görürük.Azərbaycanın bir vətəndaşı, bir oğlu kimi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında iştirak etmişəm. Bu tarixin bir parçası olmaq mənim üçün böyük qürurdur. Bundan gözəl sevinc, bundan böyük qürur hissi ola bilməz. Azərbaycanın qeyrətli şəhid qardaşlarımızın, analarımızın, bacılarımızın, körpə uşaqlarımızın qisasını alması və bu gün suverenliyini bərpa etməsi ilə fəxr edirəm”, - deyə o bildirib. Elxan İsmayılov qeyd edib ki, o, əsasən Kəlbəcər istiqamətində, Murov sərhədi, Ömər aşırımı, Çovdarlı və Canıştaq istiqamətlərində, eləcə də Ağdərənin Qaranlıq meşə adlanan ərazisində ağır döyüşlərdə iştirak edib. Elə Qələbə xəbərini də orada alıb. Ehtiyatda olan polkovnik-leytenant vurğulayıb ki, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və hərbi-strateji qərarları nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında iştirak etmiş bir hərbçi kimi yaşadığım qürur hissi həyatımın ən dəyərli xatirələrindən biridir”, - deyə o əlavə edib. Müxbir - Tünzalə Arazlı Videooperator - Vüsal Taqiyev