Qalib Azərbaycanın Xalq şairi Vahid Əziz: “Zəfər millətimin altun tacıymış”

Bu gün xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan və Azərbaycan tarixində ən şanlı və qürurverici günlərindən birini – Zəfər Gününü böyük fərəh və iftixar hissi ilə qeyd edirik.

Altı il əvvəl xalqımızın qüdrəti və milli qürurumuzun rəmzinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.

2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Altı il əvvəl qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi.

Bu Zəfər Azərbaycan dövlətinin hərbi, siyasi, diplomatik, strateji qələbəsi, xalqın milli birliyinin və dövlətimizin qüdrətinin zirvəsi kimi tariximizə yazıldı.

Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, eyni zamanda, xalqın öz liderinə olan inamının təntənəsidir.

Gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi, Azərbaycan xalqının ən böyük qürur simvolu olan Zəfər Günümüz poeziyamızın da ana xəttini təşkil edir. Zəfər çalmış Azərbaycanın Xalq şairi, “Şərəf” ordenli Vahid Əzizin şanlı qələbəmizi tərənnüm edən, gənclərin vətənpərvərlik ruhunu yüksəldən saysız-hesabsız poeziya nümunələri var.

Şair yaradıcılığında 44 günlük Vətən müharibəsinə və Qarabağ zəfərinə geniş yer ayırıb, bu mövzuda coşqun intonasiyalı silsilə bədii əsərlər ərsəyə gətirib. Onun “Heyrət səcdəsi” poeması da Qarabağ savaşından bəhs edən ilk iri həcmli əsərlərdəndir.

Xalq şairinin bu mövzuya həsr olunmuş poetik nümunələri “Param-parça illər” kitabında yer alıb. Həmin kitabı Vətən müharibəsinin gündəliyi kimi də qəbul etmək olar.

Zəfər günümüzdə şairin iki şeirini təqdim edirik:

“Zəfər millətimin altun tacıymış”

Zəfər millətimin altun tacıymış,

Özü yetməliymiş qisas zamanı,

Həm savaş xəmiri çox acıyıbmış,

Həm də müharibə acıymış hamı!

Görəndə şəhiddi nə cür igidlər,

Qanları coşurdu mərd oğlanların,

Hərbi hissələrə yeniyetmələr

cumurdu – “Bizi də əsgər aparın!”

Yaralı tanıdım şirin qanıynan

Udaraq söndürür qəlb acısını,

Nişanın qaytarıb əsgər yollanan

Sevdim neçə-neçə tibb bacısını.

Qaçqın nənələrin əli qaşında,

Yollara baxırdı – “nə oldu Şuşam?”,

Qonşuda bir ahıl – Doxsan yaşında,

Döşünə döyürdü – “topçu olmuşam!”

Bu Zəfər millətin altun tacıymış,

Qələbə yetişdi qırx dördcə gündə,

Həm “savaş xəmiri” çox acıyıbmış,

Millət müharibə “acıymış” həm də… (Vahid Əziz)

“Qəribə taleyli şəhərdi Şuşa”

Qəribə taleyli şəhərdi Şuşa,

Səkkizi getmişdi, səkkizi gəldi,

Coşdu “Xarı bülbül” laləylə qoşa,

Süsəni, sünbülü, nərgizi gəldi.

Hər daşı, çiçəyi nəğmə-şeirdi,

Sınağa çəkəni “xeyirlə”, “şərdi”,

Qürbətdə lal olub qəribsəyirdi,

Özünə bülbülün nəğməsi gəldi.

Qiyamət gününün vaxtı yetişdi,

Hər əsgər düşmənlə şirtək döyüşdü,

Yürda son baharın ayağı düşdü,

Zəfər nəğməsinin nəfəsi gəldi.

Şiş qaya üstündə Xan şəhəridi,

Yurdun incisidi, can şəhəridi,

Xalqın alın təri, qan şəhəridi;

Şuşa silinməyən xatirələrdi.

Şuşamız əbədi bizə qalacaq,

Hələ çox qisaslar Vətən alacaq,

Dünya çöhrəsinə heyran olacaq,

Şuşanın getməsi bəd xəbər idi.

Geriyə qalanlar igid, nəriydi,

Əsgərlər azadlıq kahinləriydi,

Uğur, Qələbədi, Zəfərdi Şuşa,

İlhamlı yeni bir əsərdi Şuşa,

Qəribə taleyli şəhərdi Şuşa…