Bakı, 7 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan konsert proqramı təqdim edilib.Bu barədə AZƏRTAC-a filarmoniyadan məlumat verilib. Bildirilib ki, konserti mədəniyyət xadimləri, filarmoniyanın rəhbər heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar izləyiblər.Konsert proqramında filarmoniyanın solistləri, uşaq xor kapellası (bədii rəhbər Naala Barateliya, dirijor Leyla Muradzadə), “Sədəf” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, xanəndəlik müəllimi Elburus Niftəliyev), nağaraçılar ansamblı (bədii rəhbər Mahmud Salah, dirijor Nisə Salah Abbasova), vokal sinfi (müəllim Leyla Aslanova), uşaq folklor mahnı və rəqs ansamblı (bədii rəhbərlər Nigar Zeynalova və Məhəmməd Quliyev, xoreoqraf-müəllim Günel Təhməzova), eləcə də “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) çıxış ediblər.Konsertin baş rejissoru Günay Səttar, quruluşçu rejissoru isə Nəsimi Əliyevdir.Tədbir çərçivəsində filarmoniyada fəaliyyət göstərən “Art Studio”nun rəssamlarının Vətən və qəhrəmanlıq mövzusuna həsr olunmuş əl işlərindən ibarət sərgisi də nümayiş etdirilib.Konsert proqramı xalqımızın birliyini, həmrəyliyini və milli ruhunu təcəssüm etdirən “Yallı” xalq rəqsi ilə başa çatıb.