Bakı, 7 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşı Fərid Nəsrullayev döyüş xatirələrini bölüşüb.Fərid Nəsrullayev AZƏRTAC-a müsahibəsində müharibəyə gedən yolunun 2020-ci ilin sentyabrında deyil, general-mayor Polad Həşimovun şəhid olduğu dövrdə başladığını bildirib. Həmin vaxt könüllü olaraq adını yazdırdığını, müharibənin başlamasına təxminən bir həftə qalmış isə təlimlər üçün hərbi hissəyə çağırıldığını deyib: “Düzünü desəm, hiss edirdik ki, bu, adi təlim deyil. Qarşıda bizi nəyin gözlədiyini tam bilməsək də, ciddi bir hadisənin baş verəcəyini anlayırdıq. Ailəmlə görüşüb evdən ayrıldım. Onlara geri dönəcəyimə söz verdim. Amma özüm də çox yaxşı bilirdim ki, bu sözü yerinə yetirməmək ehtimalı var. Buna baxmayaraq, ailəmi arxayın salmaq, onların gözlərində ümid saxlamaq istəyirdim. İlk atəş səslərini eşitmək, ilk dəfə müharibənin içində olmaq tamam başqa hissdir. İlk anlarda qorxu və həyəcan keçirirsən. Ətrafında insanların şəhid olduğunu görürsən və istər-istəməz növbənin nə vaxt sənə çatacağını düşünürsən. Zaman keçdikcə isə insan bu reallıqla yaşamağa məcbur olur”. F.Nəsrullayev bildirib ki, onların döyüş yolu Füzuli istiqamətindən başlayıb. İşğal olunmuş ərazilərə daxil olduqdan sonra ilk üç-dörd gün mümkün qədər sakit və görünməz şəkildə piyada irəliləyiblər: “Bu yol çox çətin və uzun idi. Kilometrlərlə məsafə qət edir, demək olar ki, hər saatdan bir cəmi beş dəqiqə dayanıb dincəlmək imkanı tapırdıq. Ətraf zülmət qaranlıq, aclıq və susuzluq isə insanın bütün enerjisini əlindən alırdı. Amma irəliləməyə məcbur idik. Çünki geri qalmaq əsir düşmək və ya həyatını itirmək demək idi. Həmin günlərdə döyüş yoldaşlarımızla aramızda adi dostluqdan daha güclü bir bağ yaranmışdı. Artıq bir-birimizə qardaş kimi baxırdıq. Çünki bu dəqiqə yanında söhbət etdiyin, çiyin-çiyinə dayandığın insan bir dəqiqə sonra şəhid ola bilərdi”. Müsahibimiz yaddaşından heç vaxt silinməyəcək hadisələrdən birinin yüksək dağın zirvəsində mövqelənmək tapşırığı ilə bağlı olduğunu söyləyib: “Gecə saat ikidən səhər altıya qədər çox hündür bir dağın zirvəsinə qalxmalı və düşməndən əvvəl orada mövqelənməli idik. Dağın ətəyindən bizim digər silahlı qüvvələrimiz hərəkət edəcəkdi. Bizim vəzifəmiz onların irəliləməsinə mane ola biləcək düşmən tanklarına və zirehli texnikasına qarşı mübarizə aparmaq, əsgərlərimizə yol açmaq idi. Mövqeləndikdən sonra ilk minaatan mərmisi mənim cəmi 5-10 metr yaxınlığıma düşdü. Partlayışın gücü məni iki-üç metr kənara atdı. Şükür ki, qəlpə mənə dəymədi. Amma partlayış nəticəsində bir neçə dəqiqə huşumu itirdim. Döyüş yoldaşlarım mənim şəhid olduğumu düşünmüşdülər. Özümə gələndə ətrafıma baxdım və bir neçə döyüş yoldaşımın yaralandığını gördüm. Digər əsgərlərlə birlikdə onlara kömək etdik, yaralıları geriyə təxliyə edə bildik. Həmin partlayışda sol dizim də zədələnmişdi. Təxminən bir həftə dizim şişmiş vəziyyətdə hərəkət etməli oldum. Amma müharibə şəraitində insanın öz ağrısını düşünməyə çox vaxtı olmur”. Fərid Nəsrullayev qeyd edib ki, sonrakı günlərdə döyüş meydanında gördükləri mənzərələr, düşmənə məxsus məhv edilmiş texnikalar və qırıcı təyyarələrin vurulması da yaddaşlarında silinməz iz buraxıb.O, döyüş yolunun Füzulidən Cəbrayıla, oradan isə Qubadlı istiqamətinə davam etdiyini bildirib: “Cəbrayılda təxminən bir gün birləşib dincəlmək imkanımız oldu. Ardınca Qubadlı istiqamətində hərəkət etdik. Orada bir neçə kəndin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etdik. Kəndlər azad edildikdən sonra bir neçə gün həmin ərazilərdə mövqeləndik. Yerli sakinlərin yeməklərindən yeyərək bir qədər güc toplamaq imkanımız oldu. Lakin qarşıda bizi daha uzun və çətin bir tapşırıq gözləyirdi. Bizə verilən növbəti tapşırıq düz 22 gün davam etdi. Bu müddət ərzində neytral ərazidə mövqeləndik və düşmənin yenidən Qubadlıya daxil olmasının qarşısını aldıq. Həmin 22 gün həqiqətən çox ağır keçdi. Su ehtiyatımız demək olar ki, tükənmişdi, yemək də kifayət qədər deyildi. Üstəlik, havalar soyumağa başlamışdı. Bütün bu çətinliklərə baxmayaraq, mövqeyimizi qoruduq və verilən tapşırığın öhdəsindən gəldik. Ən sevindirici məqam isə həmin ərazidə itki verməməyimiz idi”. Müsahibimiz vurğulayıb ki, müharibədə ən çətin məqam fiziki yorğunluqdan daha çox, hər an yanındakı insanı itirmək ehtimalı ilə yaşamaqdır. Bəzən artıq hərəkət edə bilməyəcəyini düşündüyünü, belə anlarda isə ailəsinin gözləri önünə gəldiyini bildirib:“Onlara verdiyim söz yadıma düşürdü. Mən geri qayıdacağımı demişdim. Bəlkə də həmin söz və ailəmə qovuşmaq ümidi ən çətin anlarda mənə güc verən düşüncələrdən biri idi. Bu gün geriyə baxanda anlayıram ki, müharibə insana çox şey öyrədir. İnsan həyatın dəyərini, bir tikə çörəyin, bir qurtum suyun, yanında olan insanın və ailəsinin qədrini tamam başqa cür anlayır. Mənim üçün Zəfər Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu tarix arxada qalan çətin yolların, keçirdiyimiz təhlükələrin, itirdiyimiz silahdaşların, ailələrə verilən sözlərin və Vətənə qovuşmaq arzusunun ifadəsidir. Bu gün haqqında danışdığım hər xatirə mənim həyatımın bir parçasıdır. Çünki biz o günləri sadəcə yaşamamışıq, hər anını hiss etmişik. Zəfər bizim üçün yalnız qələbə deyil, yaşadığımız bütün çətinliklərin və çəkdiyimiz zəhmətin yaddaşlarda qalmasıdır”. Müxbir-Tünzalə Arazlı