Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixi Qələbə yalnız 44 günlük Vətən müharibəsinin hərbi nəticəsi deyil, həm də uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, milli birliyin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir.

1988-ci ildən başlayan Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, ölkəmizə milyardlarla dollar həcmində maddi zərər dəydi. Bütün bunlara baxmayaraq, Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün bərpası niyyətindən dönmədi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkənin iqtisadi və hərbi potensialı gücləndirildi, müasir ordu quruculuğu sürətləndirildi, hərbi sənaye kompleksi inkişaf etdirildi. Paralel olaraq, Azərbaycanın beynəlxalq nüfuzu artırıldı, transmilli enerji və nəqliyyat layihələri vasitəsilə ölkəmizin regional mövqeləri möhkəmləndirildi.

Uzun illər beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz fəaliyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin icra olunmaması münaqişənin sülh yolu ilə həllinə imkan vermədi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” adlandırılan hərbi əməliyyat nəticəsində 44 gün ərzində düşmənin müdafiə xətləri yarıldı, şəhər, qəsəbə və kəndlərimiz bir-birinin ardınca azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad olunması ilə başlayan qələbə yürüşü noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi zirvəsinə çatdı.

Azərbaycan Ordusu 44 günlük müharibə ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı.

Bu Qələbənin əsas dayaqlarından biri Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik idi. Müharibə dövründə ölkənin bütün bölgələrində yaşayan insanlar, müxtəlif siyasi baxışlara və etnik mənsubiyyətlərə malik vətəndaşlar vahid amal ətrafında birləşdilər. Minlərlə könüllünün orduya qoşulmaq üçün müraciət etməsi, ön və arxa cəbhədə nümayiş etdirilən fədakarlıq xalq-ordu birliyinin parlaq nümunəsi oldu. “Dəmir yumruq” ifadəsi məhz bu milli həmrəyliyin və dövlətin gücünün rəmzinə çevrildi.

Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, müasir döyüş taktikasının tətbiqi baxımından da mühüm təcrübə formalaşdırdı. Ordumuzun pilotsuz uçuş aparatlarından, müasir texnologiyalardan və çevik əməliyyat üsullarından istifadə etməsi beynəlxalq hərbi dairələrin diqqətini cəlb etdi. Eyni zamanda, Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın haqq mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, Azərbaycan hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatiya müstəvisində də öz üstünlüyünü nümayiş etdirdi.

Tarixi Zəfərdən sonra Azərbaycanın qarşısında yeni mərhələ – dövlət suverenliyinin tam bərpası və azad edilmiş ərazilərin dirçəldilməsi vəzifəsi dayanırdı. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, həmin il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyulması bu prosesin mühüm mərhələləri oldu. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması isə ölkəmizin suverenliyinin bütün ərazilərimizdə bərpasının rəmzi hadisəsinə çevrildi.

Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edildi, Vətən müharibəsinin qəhrəmanlarının şücaətinin qiymətləndirilməsi məqsədilə orden və medallar təsis olundu. Bakıda Zəfər parkının və Zəfər muzeyi yaradıldı. 2021-ci ildə keçirilən Zəfər paradı isə Azərbaycanın hərbi qüdrətinin və tarixi Qələbəsinin nümayişinə çevrildi.

Bu gün Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində müasir yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar, hava limanları, enerji və kommunikasiya infrastrukturu yaradılır. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 10 min 114 ailənin, ümumilikdə 40 min 922 nəfərin doğma yurdlarına qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Zəfərdən sonrakı dövrdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Mənzil və avtomobillə təminat, məşğulluq proqramları, sosial ödənişlər, reabilitasiya xidmətləri və “YAŞAT” Fondunun fəaliyyəti bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. 2026-cı ilin oktyabr ayına qədər şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək çərçivəsində 7 354 mənzil və 586 avtomobil təqdim edilib. Vətən müharibəsinin 160 minə yaxın iştirakçısı isə müxtəlif orden və medallarla təltif olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ölkəmizin müasir tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu gün əsas hədəf əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, azad edilmiş ərazilərin iqtisadi potensialını reallaşdırmaq, Böyük Qayıdışı uğurla başa çatdırmaq və regionda dayanıqlı sülhü təmin etməkdir. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannamə imzalaması, sülh sazişi layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesinin 2025-ci il noyabrın 30-da fəaliyyətini başa çatdırması normallaşma prosesində mühüm hadisələr kimi qiymətləndirilir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, güclü dövlət, qüdrətli ordu, milli birlik və qətiyyətli liderlik tarixin gedişini dəyişə bilər. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı hesabına qazanılıb. Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca, üçrəngli bayrağımız isə azad edilmiş torpaqlarımızda daim dalğalanacaqdır.

Yeganə Paşayeva .

Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin direktoru