Bakı, 6 noyabr, AZƏRTACŞadam ki, düzgün oyunçulara şans veririk və düzgün seçim edirik. Bu gün həmin futbolçular əsas millidə çıxış etməyə layiq görülürlər.Bu sözləri AZƏRTAC-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyubov ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların potensialı, onların inkişafı və əsas milliyə yüksəlmək perspektivləri barədə danışarkən deyib.Mütəxəssis U-21 millisinə dəvət aldığı dövrdən sonra əsas yığmaya yüksələn futbolçuların uğurundan məmnunluğunu ifadə edib: “Həmin oyunçular artıq bir neçə mövsümdür stabil çıxış edir və inkişaf edirlər. Digər tərəfdən, əsas millinin baş məşqçisinin də bu futbolçuları izləməsi və qiymətləndirməsi məni sevindirir. Potensiallarına gəlincə, artıq görürük ki, onlar bir, iki, hətta üç mövsümdür stabil oynayırlar. İrəliləyiş var, performans var. Məşqçi kimi futbolçulara görə çox şadam”.Baş məşqçi əsas milliyə dəvət alan futbolçularla söhbət etdiyini və onları təbrik etdiyini söyləyib: “Bəli, onlarla danışmışam, təbrik etmişəm və uğurlar arzulamışam. Əgər bu prosesdə bizim də bir faiz payımız varsa, buna çox şadam”.R.Eyubov gələcəkdə U-21-dən əsas milliyə yüksələ biləcək futbolçuların potensialı barədə danışarkən hazırda təxminən səkkiz oyunçunun komandada yerini qoruduğunu qeyd edib: “Bu, yaxşı nəticədir. Gələcək üçün hələlik proqnoz vermək çətindir. Çünki artıq yeni mərhələ başlayır, yeni oyunçular gələcək. Onları daha yaxından tanımalıyam. Gələcək potensialı daha dəqiq qiymətləndirmək üçün bir-iki toplantıya ehtiyac var”.Baş məşqçi legioner həyatı yaşayan futbolçuların qarşılarına daha böyük hədəflər qoymalı olduqlarını bildirib: “Bu yanaşma yalnız xaricdə çıxış edən oyunçulara deyil, bütün futbolçulara aiddir. Təkcə legionerlərə deyil, bütün futbolçulara məsləhətim odur ki, ambisiyaları maksimum yüksək olsun. Plankanı mümkün qədər yüksəltmək lazımdır”. Müxbir - Mikayıl Məmmədov
Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam
Mənbə: azertag.az/xeber/resad_eyubov_futbolchularin_esas_milliye_layiq_gorulmesine_chox_sadam-4499160