Fransa NATO missiyası çərçivəsində Ukraynaya Qərb hərbi yardımının çatdırılması üçün əsas mərkəzlərdən biri olan Polşanın Rzeşuv hava limanının müdafiəsini təmin edəcək.
Bu barədə Fransanın Polşadakı səfiri Etyen de Ponsen Varşavada jurnalistlərə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, yanvarın 1-dən etibarən Fransa Rzeşuv ətrafındakı ərazinin hava hücumundan müdafiəsinə cavabdeh olacaq. Bu məqsədlə ilk dəfə Fransa istehsalı olan hərbi texnikadan istifadə ediləcək.
Səfir qeyd edib ki, Fransanın hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan “Patriot” kompleksləri ilə birlikdə fəaliyyət göstərəcək. Bu, hər iki sistemin qarşılıqlı uyğunluğunu sınaqdan keçirməyə imkan verəcək.
Fransanın müdafiə missiyasının nə qədər davam edəcəyi hələlik açıqlanmayıb.