Bakıda və Abşeron yarımadasında yaxın günlərdə yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 7-si səhərdən 10-u səhərədək paytaxt və yarımadanın bəzi ərazilərində fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimal edilir.
Ölkənin digər bölgələrində də qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək. Yağışların bəzi ərazilərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda isə qar yağacağı proqnozlaşdırılır.
Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel ehtimalı da var.