Azərbaycanda mikrobizneslərə verilən kreditlərin 55%-i təminatsızdır

Azərbaycanda bankların biznes kreditləri portfelində tam təminatlı kreditlərin payı artsa da, mikrosahibkarlıq subyektlərinə ayrılan kreditlərin yarıdan çoxu təminatsız olaraq qalır.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 30 sentyabr 2026-cı il tarixinə bankların biznes kreditləri portfelinin 45,3%-i tam təminatlı, 27,4%-i qismən təminatlı, 27,3%-i isə təminatsız kreditlərdən ibarət olub.

2025-ci ilin eyni dövründə tam təminatlı kreditlərin payı 42,6%, qismən təminatlı kreditlərin payı 32,2%, təminatsız kreditlərin payı isə 25,2% təşkil etmişdi. Beləliklə, bir il ərzində tam təminatlı kreditlərin payı 2,7 faiz bəndi, təminatsız kreditlərin payı isə 2,1 faiz bəndi artıb.

Ən yüksək təminatsız kredit payı mikrosahibkarlıq subyektlərində qeydə alınıb. Bu kateqoriyada kredit portfelinin 55,3%-i təminatsız, 25%-i tam təminatlı, 19,7%-i isə qismən təminatlı olub. Ötən ilin eyni dövründə mikrosahibkarlıq kreditlərinin 51%-i təminatsız idi. Bununla da təminatsız kreditlərin payı 4,3 faiz bəndi yüksəlib, tam təminatlı kreditlərin payı isə 31,8%-dən 25%-ə enib.

İri sahibkarlıq subyektlərində isə əks mənzərə müşahidə olunub. Bu kateqoriyada tam təminatlı kreditlərin payı illik müqayisədə 50,2%-dən 58%-ə yüksəlib. Qismən təminatlı kreditlərin payı 25,1%, təminatsız kreditlərin payı isə 16,9% təşkil edib.

Orta sahibkarlıq subyektlərində tam təminatlı kreditlərin payı 47,5%-dən 52%-ə yüksəlib. Təminatsız kreditlərin payı isə 14,6%-dən 11,8%-ə geriləyib. Bu, sahibkarlıq kateqoriyaları arasında ən aşağı təminatsız kredit göstəricisidir.

Kiçik sahibkarlıq subyektlərində tam təminatlı kreditlərin payı 48,5%-dən 42,7%-ə azalıb. Bununla yanaşı, qismən təminatlı kreditlərin payı 27,2%-dən 33,4%-ə yüksəlib, təminatsız kreditlərin payı isə 24,3%-dən 23,9%-ə düşüb.

Qeyd edək ki, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycan banklarının ümumi kredit portfeli 33 milyard 684,7 milyon manat təşkil edib. Bunun 18 milyard 440 milyon manatı və ya 54,7%-i biznes kreditlərinin payına düşüb.