Denis Şmıqal Ukraynaya dəstəyə görə İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib

Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynaya dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə xalqına təşəkkürünü bildirib.

O bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının yekunlarını şərh edərkən "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz nazir Pərviz Şahbazovla birlikdə prezidentlər Volodimir Zelenski və İlham Əliyev, eləcə də nümayəndə heyətlərimiz arasında iyun ayında Bakıda əldə olunmuş razılaşmaların icrası üzrə işləri davam etdirdik", - Baş nazir yazıb.

D.Şmıqal həmçinin vurğulayıb ki, Ukrayna tərəfi enerji avadanlıqları, onun logistikası, standartlaşdırılması və birgə istehsalı sahəsində əməkdaşlıq qurmaq təklifini irəli sürüb.

Onun sözlərinə görə, P.Şahbazov eyni zamanda bərpaolunan enerji sahəsində Ukraynanın texnoloji nailiyyətlərini qeyd edib.

Bundan başqa, tərəflər Azərbaycan qazının Ukraynaya tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Ötən il "Naftoqaz Ukrayna" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının ilk tədarüklərini həyata keçiriblər.

Onun sözlərinə görə, növbəti addım müntəzəm kommersiya əlaqələrinin qurulması və şirkətlər arasında uzunmüddətli müqavilələrin bağlanması olmalıdır. Bundan başqa, Ukrayna tərəfi təbii qazın saxlanması üçün ölkənin yeraltı qaz anbarlarından istifadəni təklif edib.

Nəqliyyat-logistika sahəsində Qara və Xəzər dənizləri arasında mövcud marşrutların inkişafı və yeni nəqliyyat dəhlizlərinin hazırlanması müzakirə olunub. Tərəflər bu istiqamətdə işləri aktivləşdirmək barədə razılığa gəliblər.

"Biz Ukraynanın bərpası və modernləşdirilməsi, o cümlədən Azərbaycan şirkətlərinin kritik əhəmiyyətli infrastrukturun, enerji sektoru obyektlərinin, sənaye və sosial sahənin yenidən qurulmasına cəlb edilməsi üzrə işləri davam etdiririk.

Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, Energetika Nazirliyinə, ölkə şirkətlərinə və birgə işimizə töhfə verən hər kəsə təşəkkür etmək istəyirəm", - o yazıb.