Paris, 6 noyabr, AZƏRTAC Fransanın sabiq baş naziri Dominik dö Vilpən keçmiş həmkarı Eduar Filipinin “immiqrant mənşəli fransızlar” barədə açıqlamalarını kəskin tənqid edərək, onun ritorikasının ifrat sağçı Milli Birlik Partiyasının mövqelərinə yaxınlaşdığını bildirib. O, Filipin bəyanatlarını “mənəvi və siyasi iflas” adlandırıb.AZƏRTAC xəbər verir ki, Dominik dö Vilpən bu fikirləri “France 2” telekanalına müsahibəsində səsləndirib. O, Eduar Filipi irqçiliyə təhrik edən bəyanatlar verməkdə ittiham edərək, siyasətçiləri sözlərinin mümkün nəticələrinə görə məsuliyyət daşımağa çağırıb.“İnsanı incidə, ölkəmizdə irqçi münasibəti gücləndirə biləcək bir fikir səsləndirildikdə, onu dərhal düzəltmək lazımdır”, – deyə sabiq baş nazir vurğulayıb. Dö Vilpən vətəndaşların mənşəyinə, dəri rənginə və ya dini etiqadına görə fərqləndirilməsini də qəbuledilməz hesab edib. “Respublika vahid və bölünməzdir”, – deyə o bildirib.Eduar Filipin fikirləri özünün təmsil olunduğu siyasi düşərgədə də etiraz doğurub. Onun tərəfdarlarından olan deputat və hökumətin sabiq sözçüsü Priska Teveno “immiqrant mənşəli fransızlar” ifadəsini “tamamilə ədalətsiz” adlandırıb və “Bəs, insan nə vaxt sadəcə fransız hesab olunur?”, - sualını ünvanlayıb.Tənqidlərə baxmayaraq, Eduar Filippi mövqeyindən geri çəkilməyib. Qeyd edək ki, Havr şəhərinin meri olan Eduar Filipi 2027-ci il prezident seçkisində iştirak edəcəyini açıqlayıb.