"8 Noyabr, təbii ki, Azərbaycan tarixində çox mühüm səhifə, əlamətdar gündür. Nəyə görə? Çünki biz yalnız Qarabağı azad etmədik, həm də bilirsiniz ki, təxminən 200 ildən sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Azərbaycanda erməni separatizminə son qoyuldu. 200 ildən sonra ölkəmizdə rus qoşunları da qalmadı. Düzdür, Vətən müharibəsindən dörd il sonra Rusiya sülhməramlıları Azərbaycandan çıxarıldı".
Bu fikirləri Zəfər Günü ilə bağlı Redaktor.az-a danışan Birinci və İkinci Qarabağ müharibələrinin qazisi, tanınmış jurnalist İlham Tumas bildirdi.
O vurğuladı ki, Laçın dəhlizinin də tamamilə Azərbaycanın nəzarətinə keçməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm mərhələ oldu:
"Bunun nəticəsində, bildiyiniz kimi, digər ərazilərimizin də təmizlənməsi prosesi başladı. Mən Birinci Qarabağ müharibəsinin də veteranıyam. Birinci və İkinci Qarabağ müharibələrini müqayisə edəndə məndən fərqin nədə olduğunu soruşurlar. Həmişə deyirəm ki, əslində, Azərbaycan hər zaman döyüşüb. Azərbaycan həmişə Qarabağı öz ərazisi hesab edib və Qarabağ bizim torpağımızdır.
Bəs 1992-1993-cü illərdə ərazilərimizi niyə itirdik? Ona görə ki, vahid komandanlıq yox idi, ordumuz hələ zəif idi. Əsas səbəblərdən biri də siyasi savadsızlıq idi. Şükür Allaha, bu müharibədə illər boyu bizi narahat edən həmin problemlər aradan qaldırıldı və biz qələbə qazandıq.
Mən sonradan bir dəfə də hərbi xidmətdə olmuşam. Hərbi xidmət dövründə ordu quruculuğundan da danışmaq istərdim. Ordumuz müxtəlif mərhələlərdən keçdi, çətinliklər yaşandı. Amma bütün bunlara baxmayaraq, illər ərzində inkişaf etdi. Nəticədə Ali Baş Komandan başda olmaqla, xalqımızın, ordumuzun, əsgər və zabitlərimizin, şəhidlərimizin hesabına böyük qələbə qazandıq. Bu qələbənin Azərbaycan tarixi üçün çox böyük əhəmiyyəti var".
İlham Tumas qələbənin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin, eləcə də şəhidlərin rolunu xüsusi vurğulayaraq, şəxsi döyüş təcrübəsindən də danışdı. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak etməsinin həyatında xüsusi yer tutduğunu qeyd etdi:
"Bizim dostlarımız var. Məsələn, şair dostumuz, gözəl döyüşçü qardaşımız Emin Pirinin bir söhbəti yadıma düşür. Ona bir dəfə maraqlı sual veriblər və o, belə bir ifadə işlədib: "İlham Tumas yaşayan şəhiddir". Nəyə görə? Çünki mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, sonra hərbi xidmətdə olmuşam. Hərbi xidmət dövründə rəhmətlik Polad Həşimovla xidmət etmişəm. Daha sonra İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində iştirak etmişəm".