Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində "Böyük qayıdışın Zəfər bayramı" adlı konsert proqramı təşkil olunub.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Zəfər Gününə həsr edilən konsert proqramı Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi və "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin təşkilatçılığı ilə baş tutub.

Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və gül dəstələri düzülüb.

"Lacinema" kino mərkəzində keçirilən tədbirdə çıxış edən Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edilib ki, bu Zəfər gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi və milli qürur hissinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Tədbirin rəsmi hissəsindən sonra Zəfər Gününə həsr olunmuş geniş konsert proqramı təqdim edilib.