Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Hüseynova 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərək Qarabağ münaqişəsinin uzun illər xalqımızın yaddaşında yaratdığı ağrı-acılardan, Şuşanın işğalı xəbərinin cəmiyyətdə doğurduğu sarsıntıdan və Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.AZƏRTAC xəbər verir ki, Mahirə Hüseynova Şuşanın işğalı xəbərini eşitdiyi günü xatırlayaraq həmin vaxt yaşadığı mənəvi sarsıntını bölüşüb. Bildirib ki, bu xəbər onun üçün adi bir itki deyil, xalqın taleyinə, milli kimliyinə və mənəvi dünyasına toxunan ağır bir hadisə idi. Şuşanın işğalı xəbərindən sonra auditoriyaya daxil olarkən tələbələrin də dərin kədər içində olduğunu, uzun müddət heç kimin danışa bilmədiyini xatırladıb.Professor qeyd edib ki, həmin illərdə yaşanan ağrı-acılar, insanların yaddaşında qalan hadisələr, şəhidlərin və qazilərin qəhrəmanlığı mütləq gələcək nəsillərə çatdırılmalıdır. Onun sözlərinə görə, bu hadisələr yalnız şəxsi xatirələr deyil, xalqımızın tarixidir və ədəbi-bədii yaradıcılıqda da öz əksini tapmalıdır.M.Hüseynova vurğulayıb ki, 30 illik işğal dövrü Azərbaycan xalqı üçün ağır sınaq olub. Bu müddətdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması mühüm vəzifələrdən idi. O, beynəlxalq təşkilatların və vasitəçilik missiyalarının fəaliyyətinə toxunaraq, uzun illər ərzində münaqişənin ədalətli həllinin təmin olunmamasının xalqımızın narahatlığını daha da artırdığını bildirib.Professor Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlığın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, onun çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin 45 məzunu Vətən müharibəsində şəhid olub, 11 məzunu isə qazi adını qazanıb. Bu insanların Vətən uğrunda könüllü şəkildə mübarizəyə qoşulduğunu, tarix yazdıqlarını vurğulayıb.Mahirə Hüseynova bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı həm böyük kədər, həm də qürur hissi yaşayıb. Şəhid analarının göz yaşları ilə yanaşı, övladlarının Vətən uğrunda mübarizəsinə duyduqları qürur da xalqımızın birliyinin və iradəsinin göstəricisinə çevrilib. Azərbaycan əsgəri və zabitləri 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək xalqımızın uzun illər həsrətində olduğu Zəfəri təmin ediblər.O, milli qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq bildirib ki, vətənpərvərlik tərbiyəsi ailədən və orta məktəbdən başlamalıdır. Şəhidlərin həyat yolu, qazilərin mübarizəsi və xalqımızın tarixi yaddaşı təhsil müəssisələrində daim təbliğ edilməlidir.Professor çıxışının sonunda Şuşanın azadlığının xalqımız üçün xüsusi mənəvi məna daşıdığını qeyd edib, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirib.Mahirə Hüseynova şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək Şuşanın və Qarabağın daim azad və firavan olmasını arzulayıb. Müxbir-Tünzalə Arazlı Videooperator-Vüsal Tağıyev