...Birinci Şuşa – ayaq tutub yeridiyim əldən getmişdi. Bu yoxluq dağ çəkirdi. Hər günə hopmuş nisgil idi ikinci Şuşa – işğaldakı. Bu dəyişməz halıma öyrəncəli yoldaşım 8 mayların sonuncusunda, 2020-ci ilin 8 mayında “Bizim evdə... bütün təqvim günləri mayın 8-ni göstərir” yazmışdı.
Bir-birinə sarılmışdı iki Şuşa – ata ocağı və yağı tapdağında olan. Xoş gün o xoş gün – birinci Şuşadakı xoş gün deyildi. Pis gün daha pis gün – birinci Şuşadakı gündən ağır.
Toya çağırırdılar, qulağına Şuşa toyunun çalğısı gəlirdi. Yas düşürdü, Mirzə Həsən qəbiristanlığının mehi vururdu üzünü.
Duman gəlirdi – qubar. Yağış çiləyirdi, qar tökürdü – qubar. Yasəmən çıçək açırdı – qubar.
Hansı elə yol alırdın, Şuşanın dolamalarına uçub gedirdin.
Hey darıxmaq. İndi, pis günlərin arxada qaldığı üçüncü Şuşa dövranında hamı bilməz bu nə darıxmaq olub...
Azadlığın, üçüncü Şuşanın lap siftə vaxtlarında da yazmışam: Şuşanın bir içim suyunda, bir udum havasında gözüm yoxdur, əsgərimə baş əymək istəyim var yalnız. Adam için-için yandıran hər məyusluğu qəddini dikəltmişlərə görə keçir, deyir varlığın onların bir tükünə dəyməz.
Adbaad siyahıya baxıram. 2020-ci ilin Vətən müharibəsində 2908 hərbçimiz şəhid olub. Ən yaşlısı (mülki qulluqçu İbadov Rafiq Baloğlan oğlu) 55 yaşında. 153 nəfər isə cəmi 18 yaşda.
6 itkin də var siyahıda: leytenant Vəlizadə İbrahim Səməd oğlu (22 yaş), əsgərlər Səfərli Xəqani İlqar oğlu (29 yaş), Feyzullayev Aydın Zakir oğlu (25 yaş), Qədirli Elnur Rəcəb oğlu (23 yaş), Salamov Qorxmaz Bayram oğlu (24 yaş), Mehdiyev Asim Yaqub oğlu (19 yaş).
O savaşdan sonranın siyahılarına baxırsan.
2021-ci ilin sərhəd toqquşması: 8 şəhid.
2022-ci ilin sərhəd döyüşü: 80 şəhid. Ən yaşlısının 37 yaşı.
2023-cü ilin bir sutka çəkən yekun savaşı: 192 şəhid. Ən yaşlı iki nəfərin yaşı 41.
Hanı elə bir kitab-dəftər hamısını biləsən? Rəsmi rəqəm də yəqin yarımçıqdır: Ermənistanın 1988-2023-cü illər təcavüzündə 3493 mülki şəxs, 15 min 357 hərbi qulluqçu həlak olub, 4010 nəfər itkin düşüb.
Ruhları əziz tutulsun. Bəd əməldən qoruyar...
Hikmət Sabiroğlu