Anar Axundov: Azərbaycan iqtisadiyyatında şaxələndirmə siyasəti öz bəhrəsini verir - Əlavə olunub

Qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir.

Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir.

A. Axundov qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib:

"Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır. Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib".

Bundan başqa nazir müavini xatırladıb ki, Azərbaycanda 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır.

O qeyd edib ki, bu il 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası yekunlaşdığı üçün yeni Strategiya hazırlanır: "Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"lə müəyyən edilib. Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü - "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi", "dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət" və "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı ilə birbaşa bağlıdır".