Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Azad ərazilərdə yaşıllıq siyasəti: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik forum keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.Tədbirdə Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb.O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın gücünü, xalq-ordu birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edib.Səyyarə İbadullayeva qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur zəngin təbii sərvətləri, özünəməxsus flora və bitki müxtəlifliyi ilə seçilən ərazilərdir. Uzun illər davam edən işğal nəticəsində bu bölgələrin meşə fonduna, bitki örtüyünə və təbii ekosistemlərinə ciddi ziyan dəyib. Hazırda həmin ərazilərdə ekoloji tarazlığın bərpası, meşə və yaşıllıq sahələrinin genişləndirilməsi, nadir bitki növlərinin qorunması mühüm əhəmiyyət daşıyır.Direktor bildirib ki, azad edilmiş ərazilərdə yaşıllıq siyasətinin elmi əsaslarla həyata keçirilməsi, yerli bitki növlərinin öyrənilməsi və təbii ekosistemlərin bərpası qarşıda duran əsas vəzifələrdəndir. Botanika İnstitutu bu istiqamətdə elmi tədqiqatların aparılmasına, bitki müxtəlifliyinin müəyyənləşdirilməsinə və mühafizə tədbirlərinin elmi əsaslarının hazırlanmasına xüsusi diqqət yetirir.O, həmçinin diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmamalı, həm də təbiətin əvvəlki zənginliyinin bərpasını əhatə etməlidir. Bu baxımdan, ərazilərin torpaq-iqlim xüsusiyyətlərinin nəzərə alınması, iqlim şəraitinə uyğun ağac və kol növlərinin seçilməsi, yerli bitki genofondunun qorunması vacibdir. Alimlərin qarşısında duran əsas vəzifələrdən biri elmi nəticələri praktiki fəaliyyətə tətbiq etməklə azad torpaqların ekoloji cəhətdən sağlam və yaşıl gələcəyinə töhfə verməkdir.Forumda işğaldan azad edilmiş ərazilərdə yaşıllıqların bərpası, bitki müxtəlifliyinin qorunması, ekoloji problemlərin həlli yolları, elmi tədqiqatların bu sahədə rolu və gələcək perspektivlər müzakirə olunur. Müxbir-Tünzalə Arazlı Videooperator-Vüsal Tağıyev