Putin bu yolla Ukraynanın müqavimətini qırmağa çalışır

Rusiya ordusunun Ukrayna şəhərlərinə, xüsusilə də mülki obyektlərə endirdiyi kütləvi zərbələr Kremlin mülki əhalinin əzablarından müharibə vasitəsi kimi istifadə etməyə davam etdiyini göstərir.

Bunu britaniyalı polkovnik Hamiş de Bretton-Qordon deyib.

“Mülki şəxslərə heç bir hərbi məqsəd olmadan zərbə endirilməsi hərbi cinayətdir. Bu, Putin üçün mülki əhalinin əzablarının müharibənin təsadüfi nəticəsi deyil, müharibə vasitəsi olduğuna dair daha bir qaranlıq xatırlatmadır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bir gecə ərzində Ukraynaya 289 zərbə dronu, 17 ballistik və 59 qanadlı raket buraxıb. Bu hücum cari ildə Ukraynanın enerji obyektlərinə qarşı həyata keçirilmiş ən böyük zərbə olub:

“Vladimir Putin bu yolla ukraynalıları elektrik enerjisindən, istilikdən və normal yaşayış şəraitindən məhrum etməklə onların müqavimət iradəsini qırmağa çalışır. Əgər o, döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinə qalib gələ bilmirsə, mülki əhalini qorxutmağa və terrora məruz qoymağa, onları itaət etməyə məcbur etməyə cəhd göstərə bilər”.