"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır

Qətərin dövlət neft-qaz şirkəti olan "QatarEnergy" mayeləşdirilmiş təbii qaz (LNG) alışı üzrə yeni uzunmüddətli sazişlərin bağlanması barədə ABŞ tədarükçüləri ilə danışıqlar aparır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, şirkət yaxın aylarda ABŞ-dən hər il 3 milyon tondan 6 milyon tonadək LNG tədarükü barədə razılığa gəlməyi nəzərdə tutur.

Daha əvvəl, oktyabr ayında Avstraliyanın "Woodside Energy" şirkəti 20 il ərzində Qətərə hər il 3 milyon ton mayeləşdirilmiş qaz tədarükü barədə saziş bağlayıb. Tədarükün ABŞ-də tikilməkdə olan "Louisiana LNG" zavodundan həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Qətər LNG ixracına görə dünyada ABŞ və Avstraliyadan sonra üçüncü yeri tutur. Onun istehsal gücü ildə təxminən 77 milyon ton təşkil edir. Lakin 2026-cı ilin martında ölkə İranın hava zərbələri səbəbindən mayeləşdirilmiş qaz istehsalını dayandırmağa məcbur olub. Bu, ixrac gəlirlərinin təxminən 17 % azalmasına səbəb olub, "QatarEnergy" isə öz tədarükləri üzrə fors-major elan edib.