Bakıda “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbir davam edir.
Dördüncü sessiya “İnklüziv və firavan cəmiyyətlərin qurulmasında liderlik, düşüncə tərzi və ictimai dəyərin yaradılması” mövzusunda dəyirmi masa formatında baş tutub. Özbəkistanı, Gürcüstanı, Barbadosu, Qvineya-Bisaunu, Madaqaskarı, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzini, Karib Hövzəsi İdarəetmənin İnkişafı Mərkəzini təmsil edən nümayəndələrinin iştirakı ilə dövlət idarəçiliyində transformasiyanı dəstəkləyən liderlik yanaşmaları, təşkilati dəyərlər və ictimai rifahın yüksəldilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə daha firavan və inklüziv cəmiyyətlərin qurulmasında effektiv liderliyin, müasir düşüncə tərzinin və institusional mühitin rolu vurğulanıb.
Beşinci sessiya “Dayanıqlı, çevik və qabaqlayıcı dövlət institutları üçün regional həllər” mövzusuna həsr olunub. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentini, Harvard Universitetini, “Oxford Insights”ı, Cənubi Afrikanı, Karib Hövzəsi İdarəetmənin İnkişafı Mərkəzini təmsil edən nümayəndələr idarəetmə sahəsində tətbiq olunan innovativ təcrübələri və onların nəticələrini təqdim ediblər. Sessiya çərçivəsində uğurlu təcrübələrin müxtəlif ölkə və regionlarda tətbiqi imkanları, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün regional əməkdaşlığın genişləndirilməsi, eləcə də dövlət institutlarının gözlənilməz çağırışlara hazırlığının artırılması məsələləri müzakirə olunub.
Altıncı sessiya “Ölkələrin innovativ təcrübələri: nələr işləyir, niyə və hansı miqyasda?” mövzusuna həsr olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, Afrika İttifaqını, Yunanıstanı, Özbəkistanı, Dominikan Respublikasını, Seyşel adalarını təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyində uğurlu innovativ təcrübələr, islahatların konkret nəticələrə çevrilməsi və bu təcrübələrin digər ölkələrdə tətbiqi imkanları müzakirə olunub. Eyni zamanda, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq, institusional potensialı gücləndirmək və gələcək çağırışlara hazırlığı artırmaq üçün effektiv idarəetmə mexanizmləri və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Yeddinci sessiyada “İnnovasiyalara baxış: süni intellekt və dövlət idarəçiliyinin gələcəyi” mövzusunda müzakirələr baş tutub. Qazaxıstanı, “Oxford Insights”ı, Zimbabveni və “GenAI Works” şirkətini təmin edən nümayəndələrin iştirakı ilə süni intellekt və texnologiyaların dövlət idarəçiliyində tətbiqi, innovativ həllərin genişmiqyaslı tətbiqinə keçid və bu istiqamətdə zəruri infrastrukturun, məlumatların idarə edilməsinin və kadr potensialının inkişafı məsələləri müzakirə edilib.
İlk günün sessiyalarının sonunda iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb.