Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması nəzərdə tutulub.
Bildiyimiz kimi, hazırda Bakı şəhəri üzrə taksi sürücülərinə aylıq 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində 13,5 manat, digər şəhər və rayonlar üzrə isə 9 manat sadələşdirilmiş vergi tətbiq olunur.
İqtisadçı ekspert Razi Abasbəyli sözügedən dəyişiklikləri Ölkə.az-a şərh edib.
O bildirib ki, mövcud qanunvericiliyə görə Bakı şəhəri üzrə hər avtomobilə görə sadələşdirilmiş vergi 18 manat, Sumqayıt və Abşeron üzrə 13,5 manat, digər regionlar üçün isə 9 manat nəzərdə tutulub:
“Yeni təkliflərə görə, hər sifarişə görə sürücüyə ödənilən gəlirdən 1% sadələşdirilmiş vergi tutulacaq. Yəni vergi avtomobilin sayına görə deyil, faktiki gəlirə görə müəyyən olunacaq.
Məsələn, sürücünün aylıq platforma üzrə gəliri 1000 manatdırsa, yeni qayda ilə 10 manat, 1500 manatdırsa 15 manat, 2000 manatdırsa 20 manat vergi verəcək. Bu, 1 faizlik vergi təxminən 1800 manat aylıq gəlir sayəsində bərabərləşir. Yəni taksi sürücüsü bundan sonra yeni qaydalara görə 1800 manat gəlir əldə edəcəksə, yenə 18 manat vergi ödəyəcək. Bu da köhnə qaydadakı vergi dərəcəsinə uyğun gəlir. Amma taksi sürücüsü 1800 manatdan çox gəlir əldə edəcəksə, artıq vergi yükü çoxalacaq. Başqa sözlə, sürücü gəliri 2500 manat olacağı təqdirdə 25 manat vergi verəcək. Mövcud sabit vergi tariflərinə görə isə 18 manat aylıq vergi ödənilirdi.
Əgər Sumqayıt və Abşeronda işləyən taksilər 1500 manat gəlir əldə edəcəklərsə, sabit 13 manat 50 qəpik yox, bundan sonra 15 manat vergi ödəyəcəklər. Və yaxud da regionlar üzrə əgər sabit vergi 9 manat idisə, bundan sonra vergi ümumi gəlirin 1%-ni təşkil edəcək. Yəni taksi qiymətləri bahalaşa bilərmi? Əslində təklif olunan vergi sürücünün gəlirindən tutulur”.
Ekspertin sözlərinə görə, bu, sərnişinin ödədiyi gediş haqqına ayrıca vergi əlavəsi kimi tətbiq olunmur:
“Ona görə də, qiymətlərin artması üçün birbaşa və dolayı olaraq heç bir səbəb yoxdur. Gəliri yüksək olan sürücülərin vergi yükü çoxalacaq, lakin gəliri aşağı olanların vergisi hətta əvvəlkindən daha aşağı olacaq”.
R.Abasbəyli vurğulayıb ki, burada əsas məqsəd vergi yığımlarını stimullaşdırmaqdır. Onun sözlərinə görə, həm gəlirləri müəyyən etmək, həm də sərnişin daşınması üzrə taksi sektorunda ümumi dövriyyəni öyrənmək, bu dövriyyədən əldə edilən vergi tutumlarının həcmini dəqiqləşdirmək üçün belə bir addım atılıb:
“Bu, kifayət qədər doğru addımdır. Çünki vergilər faktiki olaraq gəlirlər üzərindən hesablanacaq və işləmədiyi halda sürücüdən vergi tələb olunmayacaq, sabit vergi tətbiqi ortadan qalxacaq. Mexanizm sadədir və faktiki dövriyyə uçotunun aparılmasını asanlaşdırmaq və bu sahədə şəffaflığı təmin etmək məqsədi daşıyır. Yəni bu yeni qaydalarla Azərbaycanda taksi xidmətləri üzrə qiymətlərin qalxacağını iddia etmək doğru olmaz”.