Alla Puqaçovanın məhkəməsi yekunlaşdı

Rusiyalı ictimai xadim, Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovaya qarşı qaldırdığı iddia üzrə məhkəmə qərarından şikayət etsə də, istəyinə nail ola bilməyib.

Moskva Şəhər Məhkəməsi Borodinin apellyasiya şikayətini təmin etməyib və əvvəlki qərarı qüvvədə saxlayıb.

Məlumata görə, Borodin Rusiyanı tərk edən müğənnidən şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia çərçivəsində 5 milyon rubl təzminat tələb edirdi. Lakin məhkəmə onun tələblərini əsassız hesab edərək rədd edib.

Borodin iddianı 2025-ci ilin sonunda Puqaçovanın müsahibələrindən birində səsləndirdiyi fikirlərlə əlaqədar qaldırmışdı. İşə iyun ayında baxan məhkəmə müğənninin xeyrinə qərar çıxarmışdı. Bununla razılaşmayan Borodin apellyasiya şikayəti vermişdi.

Qeyd edək ki, Vitali Borodin daha əvvəl Rusiyada xüsusi hərbi əməliyyat başa çatana qədər bütün konsertlərin qadağan edilməsini təklif etmişdi. O, bu çağırışını Soçidə müğənni Lolita Milyavskayanın konsertinin pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən yarımçıq dayandırılmasından sonra səsləndirmişdi.