Kliçkodan kiyevlilərə növbəti xəbərdarlıq: Bu obyektlər sıradan çıxa bilər

Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtının kritik infrastruktur obyektlərinin gələcək mövcudluğunun ciddi sual altında olduğunu bildirib.

Mer bu barədə "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Kiyev son dərəcə ağır şəraitdə fəaliyyət göstərir. Şəhər rəhbərliyi paytaxtın həyat təminatını qorumaq üçün bütün mümkün tədbirləri görür və müxtəlif ssenarilər üzrə hazırlıq aparır. Buna səbəb enerji, istilik istehsalı və su təchizatı sistemlərinə hücumların intensivləşməsidir.

Kliçko xatırladıb ki, hələ yaz aylarında şəhərin həyat təminatını qorumaq məqsədilə enerji qərargahı yaradılıb. Onun fəaliyyətinə ekspertlər, energetiklər, praktik mütəxəssislər və alimlər cəlb olunub. Qərargah hadisələrin müxtəlif istiqamətlərdə inkişafı ehtimalına uyğun tədbirlər hazırlayıb. Lakin mer bu planların bütün təfərrüatlarını ictimaiyyətə açıqlamayıb.

Kliçkonun sözlərinə görə, mütəxəssislərin gəldiyi qənaət budur ki, əsas infrastruktur obyektləri hava hücumundan müdafiə sistemləri ilə qorunmasa, onların bərpasından, sabit fəaliyyətindən, hətta mövcudluğundan danışmaq mümkün olmayacaq.