Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin artırılması aqrar sektorun inkişafı ilə yanaşı, ərzaq bazarında qiymətlərin formalaşmasına da təsir edir. Hər il dövlət büdcəsindən ayrılan subsidiyalar bu baxımdan əhəmiyyətlidir. 2027-ci ildə fermerlərə ayrılacaq subsidiyaların 730 milyon manata çatdırılması nəzərdə tutulur. Bu artım yerli istehsalın genişlənməsi, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından yeni imkanlar yarada bilər.
Bəs dövlət dəstəyinin artırılması bazarda yerli məhsulların payını nə dərəcədə genişləndirəcək? Subsidiyaların artması nəticəsində istehlakçılar ərzaq qiymətlərində ucuzlaşma hiss edə biləcəklərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, subsidiyaların artırılması fermerlərin maliyyə imkanlarını genişləndirərək istehsal xərclərinin bir hissəsinin kompensasiya olunmasına, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın yüksəldilməsinə şərait yarada bilər.
Onun sözlərinə görə, subsidiyaların səmərəli tətbiqi yerli istehsalın artmasına, daxili bazarda ərzaq təklifinin genişlənməsinə və idxaldan asılılığın azalmasına kömək etmək imkanı var:
“Xüsusilə ölkədə istehsal potensialı yüksək olan, lakin idxal payı hələ də əhəmiyyətli yer tutan məhsulların məqsədyönlü şəkildə dəstəklənməsi daha ciddi nəticələr verə bilər. Subsidiyaların artırılması ərzaq qiymətlərinin avtomatik ucuzlaşacağı anlamına gəlmir. Çünki qiymətlərin formalaşmasına istehsalla yanaşı, logistika, saxlama, emal, enerji, yanacaq və nəqliyyat xərcləri də təsir göstərir. Fermerin istehsal xərclərində əldə etdiyi qənaət son istehlak qiymətlərində də əksini tapmalıdır”.
G.Hüseynovanın fikrincə, kənd təsərrüfatında istehsalın genişləndirilməsi zaman tələb etdiyindən subsidiyaların təsiri daha çox orta və uzunmüddətli perspektivdə hiss oluna bilər:
“Bunun üçün müasir suvarma sistemlərinin tətbiqi, aqrar infrastrukturun inkişafı və fermerlərin bazara çıxış imkanlarının yaxşılaşdırılması da vacibdir. Ayrılan vəsaitin effektivliyi yalnız subsidiyaların həcmi ilə deyil, onların hesabına əldə olunan əlavə istehsal, idxaldan asılılığın azalması və bu nəticələrin istehlak qiymətlərində əks olunması ilə ölçülməlidir. Dövlət dəstəyinin əsas məqsədi həm fermerlərin istehsal imkanlarını genişləndirmək, həm də istehlakçıların ərzağı daha münasib qiymətə əldə etməsinə şərait yaratmaq olmalıdır”.