Özbəkistan dövlət xidmətlərində süni intellektin tətbiqini genişləndirəcək

Özbəkistanda doğumların qeydiyyatı tamamilə elektronlaşdırılıb, 30-dan çox xidmət isə vətəndaş müraciəti olmadan təqdim edilir.

Bunu Özbəkistanın ədliyyə nazirinin müavini Numon Muhammadiyev Bakıda keçirilən BMT-nin “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” tədbirinin panel sessiyasında bildirib.

Onun sözlərinə görə, ölkədə 1942-ci ildən bəri toplanmış milyonlarla doğum, nikah və ölüm qeydi rəqəmsallaşdırılıb: “Vətəndaşların fərdi identifikasiya nömrəsi – PINFL vasitəsilə dövlət qurumları arasında məlumat mübadiləsi qurulub və bir sıra arayışların təqdim edilməsi tələbi ləğv olunub”.

O bildirib ki, hazırda dövlət xidmətlərinin 80 faizindən çoxu onlayn göstərilir: “30-dan artıq xidmət müraciətsiz, 130-dan çox kompleks xidmət isə vahid sistem üzərindən təqdim edilir. Məsələn, pensiya yaşına çatan şəxslərə müavinət və pensiya təyinatı avtomatik həyata keçirilir”.

Numon Muhammadiyev qeyd edib ki, sahibkarlar üçün “15 dəqiqəyə biznesə başla” prinsipi tətbiq olunur: “Əvvəllər 30 günədək davam edən qeydiyyat prosesi indi 15 dəqiqədən az vaxt aparır”.

Nazir müavini əlavə edib ki, Özbəkistan 2030-cu ilədək dövlət xidmətlərinin inkişafı strategiyası hazırlayıb: “Sənəd süni intellektin tətbiqini, proaktiv və avtomatik xidmətlərin genişləndirilməsini nəzərdə tutur”.