Bakı Moskva və Kiyev arasında körpü ola bilərmi? — ŞƏRH

Azərbaycanın sülh prosesində və enerji təhlükəsizliyində vasitəçilik rolu

Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşmək təklifi və Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyinə ümid etməsi beynəlxalq müstəvidə geniş maraqlara səbəb olub. Nümayəndə heyətlərinin bütün məsələləri həll edə bilmədiyi nəzərə alınaraq, problemlərin yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna biləcəyi vurğulanır.

Digər tərəfdən, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko sülh prosesinin yalnız müharibənin dayandırılması ilə məhdudlaşmadığını, enerji və humanitar məsələlərdə də razılaşmaların əldə oluna biləcəyini qeyd edib. Qonçarenko bu çərçivədə Azərbaycanın mümkün vasitəçi rolunu da istisna etmədiyini bildirib. Bu kontekstdə, Azərbaycanın sülh prosesində və xüsusilə enerji infrastrukturu ilə humanitar məsələlərin həllində hansı addımlar ata biləcəyi aktuallıq qazanır.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Oxu24.com-a açıqlamasında bildirib ki, hazırki mərhələdə Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanma ehtimalı o qədər də yüksək deyil, ancaq bununla belə, münaqişə tərəfləri sülh sazişi ətrafında müəyyən müzakirələr aparmaqda davam edirlər:

“Bu müzakirələr rəsmi Kiyevi o qədər də qane etmir, çünki rəsmi Kiyev hesab edir ki, ikinci-üçüncü dərəcəli şəxslərin apardığı müzakirələr yekun nəticələrin əldə olunmasında tam effektiv ola bilməz.

Hətta effektiv olsa belə, bu, ləng, uzunmüddətli bir prosesə çevrilə bilər.

Ona görə də əsas hədəf kimi Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünün daha məqsədəuyğun olduğunu gündəmə gətirirlər və burada da hesab edirlər ki, münaqişə tərəflərinin, yəni Rusiya və Ukraynanın birinci şəxslərinin müzakirələr aparması daha prinsipial, daha qətiyyətli qərarların verilməsi ilə yekunlaşa bilər”.

Politoloq qeyd edib ki, ancaq Rusiya tərəfi bu təklifə qətiyyən yaxın durmur və rəsmi Kiyev Rusiyanın razılaşdırılması məsələsində Türkiyənin vasitəçiliyinə ümid bəsləyir.

”Yəqin ki, bu məsələ hələ uzunmüddət müzakirə və mübahisə mövzusu olacaq.Lakin sülh prosesinin pozitiv nəticələr verəcəyi təqdirdə, həm Rusiya və Ukrayna, həm də region — yəni Ukrayna savaşının coğrafi, coğrafi məkanı ətrafında yerləşən ölkələrin müzakirə edəcəyi əsas məsələlər ilk növbədə humanitar problemlərin aradan qaldırılması, digər tərəfdən də enerji infrastrukturunun bərpası ilə bağlıdır”.

Elçin Xalidbəylinin sözlərinə görə, Azərbaycanda bu prosesdə birbaşa və yaxud da dolayısı ilə iştirak edir:

“Azərbaycan Ukraynaya humanitar yardım göstərən ən önəmli ölkələrdən biridir, eyni zamanda Azərbaycan Ukraynaya enerji resursları ilə də dəstək verir. Yəni bu, Ukraynanın enerji infrastrukturunun bərpasında, eyni zamanda Ukraynaya humanitar yardımların göstərilməsində Azərbaycanın iştirakı tamamilə mümkün və normal bir addım olardı.Çünki Azərbaycanın bu sahədə kifayət qədər böyük təcrübəsi mövcuddur və bu təcrübə hazırda Ukraynanın üzləşdiyi problemlərin həllində faydalı ola bilər”.