Azərbaycan 2026-cı ilin noyabrınadək 900 kiloqram qara kürü ixrac edib. İlin sonunadək bu göstəricinin təxminən iki dəfə artması gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Akvakulturanın inkişafında milli prioritetlər və regional əməkdaşlıq imkanları” adlı panelində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev məlumat verib.
“Azərbaycanda akvakulturanın mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təqdimat edən C.Əliyev bildirib ki, əvvəlki illərin təcrübəsinə əsasən, ilin son aylarında qara kürü ixracının həcmi əhəmiyyətli dərəcədə artır.
Onun sözlərinə görə, Azərbaycanın akvakultura məhsulları üzrə əsas ixrac potensialı nərəçilik və qara kürü istehsalı ilə bağlıdır. Azərbaycan, xüsusilə Xəzər kürüsünün dünyada tanınması bu potensialın reallaşdırılmasına dəstək verən amillərdəndir.
C.Əliyev qeyd edib ki, Dövlət Proqramında qarşıya qoyulan hədəflərdən biri ixracın iki dəfə artırılmasıdır. Bu istiqamətdə yüksək ixrac potensialına malik nərəkimilər və qara kürü istehsalının genişləndirilməsi nəzərdə tutulur.
Mərkəzin direktoru bildirib ki, ölkədə nərə yetişdirən təsərrüfatların əksəriyyəti qapalı su dövriyyəsi sistemlərinə — RAS texnologiyasına keçməkdədir. Digər təsərrüfatlar da bu sistemlərin qurulmasına maraq göstərir və istehsal planlarında bunu nəzərə alırlar.
O vurğulayıb ki, qapalı sistemlər temperaturun idarə edilməsinə və nərəkimilərin yetişdirilməsi prosesinin sürətləndirilməsinə imkan verir.
C.Əliyev Azərbaycanda akvakulturanın ilk təcrübələrinin 1950-ci illərə təsadüf etdiyini bildirib. Həmin dövrdə nərəkimilərin süni mayalandırılması və artırılması texnologiyalarının tətbiqinə başlanılıb, sonrakı illərdə isə nohur təsərrüfatları formalaşıb.
Onun sözlərinə görə, sovet dövrünün sonlarında və müstəqilliyin ilk illərində müəyyən texnoloji geriləmə müşahidə olunsa da, son onillikdə müasir balıq yetişdirmə təsərrüfatları yaranıb, forel yetişdirilməsi, qapalı su dövriyyəsi sistemləri və qəfəs təsərrüfatları inkişaf edib.
Hazırda ölkədə akvakultura istehsalı bir-birini tamamlayan dörd modelə — nohur təsərrüfatlarına, axar su sistemlərinə, qapalı və qismən dövriyyəli su sistemlərinə, eləcə də qəfəs təsərrüfatlarına əsaslanır.
C.Əliyev qeyd edib ki, nohur təsərrüfatlarında əsasən çəkikimilər, dağlıq ərazilərdə su mənbələrinə yaxın təsərrüfatlarda isə əlvan forel yetişdirilir. Qapalı su dövriyyəsi sistemləri əsasən nərəkimilərin yetişdirilməsi üzrə formalaşıb.
O bildirib ki, Mingəçevir su anbarında, həmçinin Mingəçevir şəhərindən aşağıda Kür çayı üzərində yeni qəfəs tipli təsərrüfatlar yaranır. Xəzər dənizində də qəfəs texnologiyalarının tətbiqi və marikulturanın inkişaf perspektivləri qiymətləndirilir.
Mərkəzin direktoru forel istehsalının artırılması üçün də imkanların olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda yerli istehsal əsasən restoran şəbəkələrində istifadə edilən porsiyalıq forelə yönəlib, bir kiloqramdan iri forelə tələbatın böyük hissəsi isə idxal hesabına ödənilir.
C.Əliyev dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə növbəti illərdə forel istehsalının əhəmiyyətli dərəcədə artırılmasının planlaşdırıldığını bildirib.
O əlavə edib ki, balıqçılıq haqqında yeni qanun akvakulturanın inkişafı ilə yanaşı, təbii balıq ehtiyatlarından səmərəli istifadəni və onların dayanıqlığının təmin olunmasını da nəzərdə tutur.
C.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda akvakultura istehsalı bir-birini tamamlayan dörd model əsasında qurulub. Bunlar nohur təsərrüfatları, axar su sistemləri, qapalı və qismən dövriyyəli su sistemləri, eləcə də qəfəs təsərrüfatlarıdır.
O bildirib ki, nohur təsərrüfatlarında əsasən çəkikimilər, dağlıq ərazilərdə su mənbələrinə yaxın təsərrüfatlarda isə əlvan forel yetişdirilir. Qapalı su dövriyyəsi sistemləri Azərbaycanda əsasən nərəkimilərin yetişdirilməsi üzrə formalaşıb.
Mərkəzin direktoru əlavə edib ki, qapalı sistemlərdə temperaturun idarə olunması nərəkimilərin yetişdirilməsi prosesini sürətləndirməyə imkan verir. Ölkənin su anbarlarında isə qəfəs təsərrüfatları fəaliyyət göstərir.