Bakı, 5 noyabr, AZƏRTAC Hər bir dövlət üçün güclü ideoloji dəyərlərə malik olmaq, cəmiyyəti sağlam ideologiya ətrafında birləşdirmək mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan kimi gənc dövlətlər üçün milli ideologiyanın mövcudluğu olduqca vacibdir.Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Araz Aslanlı bildirib.O qeyd edib ki, azərbaycançılıq ideologiyasının formalaşması müstəqilliyimizin yenidən bərpasından sonra cəmiyyətimizi bir araya gətirən, milli şüurun möhkəmləndirilməsinə töhfə verən və Azərbaycan kimliyinin gücləndirilməsinə imkan yaradan mühüm amillərdən biri olub.Araz Aslanlı bildirib ki, Azərbaycanın milli kimliyi həm də yerləşdiyi coğrafiya ilə bağlıdır. Azərbaycan Qafqaz və Xəzər regionunun bir hissəsidir. Eyni zamanda, ölkəmiz İslam sivilizasiyasına mənsubdur və dini dəyərlərə bağlılıq cəmiyyətimizin həyatında mühüm yer tutur.O vurğulayıb ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin vacib iştirakçısıdır və heç vaxt özünü bu sistemdən təcrid etməyib. Bu gün də həm dövlət başçısının çıxışlarında, həm də ölkəmizin xarici siyasətində beynəlxalq və regional təşkilatlarda aparıcı mövqeyə malik olmaq, mümkün qədər töhfə vermək, bəşəriyyəti maraqlandıran məsələlərin həllində mühüm rol oynamaq yanaşması özünü göstərir. COP29, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlərdə Azərbaycanın iştirakı, ev sahibi və təşəbbüskar kimi çıxış etməsi də milli kimliyimizin mühüm elementlərindəndir.Siyasi ekspert diqqətə çatdırıb ki, Azərbaycan kimliyinin vacib elementlərindən biri də ölkədə multikultural dəyərlərə yüksək səviyyədə hörmətlə yanaşılmasıdır. Azərbaycanda müxtəlif xalqların, etnik və azsaylı xalqların nümayəndələri yaşayır. Multikulturalizm yalnız dövlət siyasəti deyil, eyni zamanda, Azərbaycan cəmiyyətinin ruhunda olan bir dəyərdir.“Azərbaycançılıq ideologiyası bütün bu məqamları və daha geniş mənanı özündə birləşdirir. Bu ideologiya etnik mənşəyindən, dini inancından və digər xüsusiyyətlərindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəsi əhatə edir. Azərbaycançılıq ölkədə yaşayan bütün insanları birləşdirən, cəmiyyətdə sülh, əməkdaşlıq və xoşməramlı münasibətlər mühitinin qorunmasına xidmət edən ideologiyadır.Azərbaycançılıq ideologiyası Azərbaycan milli dövlətçiliyinin tarixi ilə də sıx bağlıdır. Bu ideologiya keçmişimizə bağlılığı qorumaqla yanaşı, bu gün cəmiyyəti birləşdirən mühüm dəyər kimi çıxış edir və dövlətçiliyimizin gələcəyi üçün sağlam təməl rolunu oynayır”, - deyə ekspert qeyd edib.Araz Aslanlı vurğulayıb ki, azərbaycançılıq ideologiyası həm keçmişimizlə bağlılığımızı, həm bu gün cəmiyyətimizi birləşdirən dəyəri, həm də milli dövlətçiliyimizin gələcəyi baxımından mayak funksiyasını yerinə yetirir.