Pakistanın paytaxtı İslamabadda Azərbaycanın dəstəyi ilə yaradılan “Asan Xidmət” mərkəzində indiyədək 171 mindən çox vətəndaşa xidmət göstərilib.
Bunu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca Bakıda keçirilən BMT-nin “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazir Azərbaycanla Pakistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Şaza Fatima Xavacanın sözlərinə görə, Azərbaycan mütəxəssisləri mərkəzin qurulmasından tutmuş xidmətlərin seçilməsi, proqram təminatı və əməkdaşların hazırlanmasınadək bütün mərhələlərdə Pakistan tərəfinə yardım göstəriblər:
“Mərkəz 10 ay ərzində 171 mindən çox vətəndaşa xidmət göstərib. Hər müraciətin icra müddəti və gözləmə vaxtı orta hesabla 10 dəqiqədən azdır”.
O əlavə edib ki, Pakistan bu təcrübəni ölkənin digər bölgələrində də tətbiq etməyi planlaşdırır.